Tacikistan ölkəmizin məhkəmə-hüquq sistemində nailiyyətlərinə maraq göstərir

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində müasir çağırışlara uyğun aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən təqdir olunaraq ölkəmizin müsbət təcrübəsi digər dövlətlərə nümunə göstərilir.
Avqustun 18-24-də Dünya Bankın təşəbbüsü ilə Tacikistanın nümayəndə heyəti ölkəmizdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar və əldə edilmiş müsbət təcrübə ilə tanış olmaq məqsədilə Azərbaycanda səfərdə olub.
Prezident Aparatının, Ədliyyə Nazirliyinin, Konstitusiya, Ali və Yuxarı İqtisadiyyat məhkəmələrinin və Dünya Bankının məsul əməkdaşlarından ibarət olan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək abidəsi önünə gül dəstələri qoyub, Şəhidlər xiyabanında Vətən uğrunda canlarını fəda etmiş həmvətənlərimizin məzarlarını ziyarət edib.
Səfər zamanı qonaqlar Azərbaycanın ədliyyə və məhkəmə sisteminin fəaliyyəti, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə institutları, hakimlərin Avropada ən şəffaf seçimi və Ədliyyə Akademiyasında tədrisi, məhkəmə ekspertizası fəaliyyəti, bu sahədə alternativ mexanizmlərin təşviqi, vətəndaşlara şəffaf və əlçatan xidmətlərin göstərilməsi məqsədilə müasir innovasiyaların geniş tətbiqi barədə məlumatlandırılıb.
Ölkəmizdə Dünya Bankı ilə səmərəli əməkdaşlıqda məhkəmə infrastrukturunun müasirləşdirilməsi, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin tətbiqi təcrübəsinə maraq göstərilərək bununla bağlı qonaqlar üçün əyani təqdimatlar nümayiş etdirilib.
Bildirilib ki, həyata keçirilən uğurlu layihələr çərçivəsində paytaxtda və bölgələrdə 35 məhkəmə üçün müasir bina və komplekslər inşa olunaraq istifadəyə verilib, “Elektron məhkəmə” sisteminin ölkə üzrə tətbiqi təmin olunub. Həmçinin, nazirlik tərəfindən əhaliyə, o cümlədən işğaldan olunmuş ərazilərdə innovasiyalar tətbiq olunmaqla müxtəlif elektron və mobil ədliyyə xidmətləri göstərilir, ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti yaradılaraq istifadəyə verilib.
Eyni zamanda qonaqlar Bakı şəhəri Yasamal və Nərimanov rayon məhkəmələrinin müasir inzibati binalarında, Sumqayıt Məhkəmə Kompleksində, həmçinin Bakı Apellyasiya Məhkəməsində yaradılmış şəraitlə, yüksək texnoloji hi-tech məhkəmə zalları, e-məhkəmə sisteminin tətbiqi ilə böyük maraqla tanış olub və heyranlıqlarını ifadə ediblər.
Səfər çərçivəsində ədliyyə nazirinin müavini Eldar Nuriyev ilə görüşən Tacikistanın nümayəndə heyəti respublikamızın hərtərəfli tərəqqisini, ədliyyə və məhkəmə sistemində uğurlu islahatlar aparıldığını müşahidə etdiklərini vurğulayıb, tətbiq olunan yeniliklərlə tanışlıqdan yüksək təəssüratlarını bölüşərək nailiyyətləri təqdir edib, müsbət təcrübəmizdən ölkəsində aparılan islahatlar zamanı bəhrələnəcəklərini bildirib. Ədliyyə və məhkəmə sahəsində faydalı fikir və təcrübə mübadiləsi aparılaraq, maraq doğuran suallar ətraflı cavablandırılıb.
Tacikistan nümayəndə heyəti Konstitusiya və Ali məhkəmələrdə də görüşlər keçirib, Heydər Əliyev Mərkəzi, habelə bölgələrə səfər edərək Qubada müasir məhkəmə infrastrukturu, eləcə də Azərbaycan brendi olan və ədliyyənin də geniş xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.



Mənbə