Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə etibar edib

 
Ümummilli lider Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdi. Həmin vaxta qədər Azərbaycan iqtisadi  və mədəni tənəzzül   dövrünü yaşayırdı. Ulu Öndərin hakimiyyətə birinci dəfə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlandı.
Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu.
1970-1985-ci illərdə Sovet İttifaqının  tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırıldı. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Gənclər Sankt-Peterburqda, Kiyevdə, Xarkovda, Minskdə təhsil alırdılar. Onlar Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər.
Ulu Öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
         Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının   təmin  edilməsidir. Bu məqsədlə ölkəmizdə rəhbərlik tərəfindən bir çox silsilə addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı.  1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin  həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə Ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Yeri gəlmişkən qeyd edək ki, dünya üzrə gənclər günü yalnız 1999-cu ildə BMT-nin qərarı ilə elan edildi.
1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.
Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda   dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı  qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. 
Son illərdə  Azərbaycan gənclərinin idman sahəsində qazandıqları nailiyyətlərin  xüsusilə diqqətəlayiq olduğunu bildirən Prezident İlham Əliyev  haqlı olaraq vurğulayır ki, gənclərin fiziki tərbiyəsi və sağlamlığı əsas prioritetlərdəndir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda, olimpiadalarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edirlər. 
Son vaxtlarda yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər. Təkcə XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar və 9 medal (3 gümüş və 6 bürünc) qazanmaqla güləş tarixində yeni bir səhifə yazıblar. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 162 medal qazanıb, bunlardan 75-si qızıl, 50-si gümüş və 37-si bürüncdür.
Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki,  bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb.
 
 Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası, Bakı Texniki Kollecinin bədən tərbiyəsi rəhbəri 
 



Mənbə