İki ölkə arasında strateji əməkdaşlığın davamına təkan verəcək səfər

 
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu xüsusda Özbəkistanla münasibətlər daha çox diqqət çəkir. Belə ki, hər iki dövlətin din, dil və mədəniyyət ortaqlığı əlaqələrin daha uğurlu olmasını şərtləndirir.
Özbəkistan hər zaman Azərbaycanın bölgədə həyata keçirdiyi sülh siyasətini dəstəkləyib və ölkəmizin haqlı mövqeyini müdafiə edib. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qoşunlarının bölgəyə yerləşdirilməsi ilə bağlı çağırış edəndə ilk etiraz edən dövlətlərdən biri də məhz Özbəkistan olmuşdu.
Bu gün Qarabağ iqtisadi rayonunun yenidən qurulması işində Özbəkistan yaxından iştirak edir. Özbəkistan investorlarının və iş adamlarının bu istiqamətdə həyata keçirdikləri layihələr diqqətəlayiqdir. Belə ki, avqustun 23-də Füzuli şəhərində açılışı keçirilən 960 şagird yerlik yeni məktəb binasının inşası Özbəkistan dövləti tərəfindən maliyyələşdirilib.
Ötən iki il ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, sosial və hüquqi sahələrdə münasibətlər daha da möhkəmlənib. Keçən il ölkələr arasındakı ticarət dövriyyəsində 63 faiz artım müşahidə olunub. Hazırda Özbəkistan və Azərbaycan ümumi dəyəri 700 milyon dollardan çox olan beş böyük layihənin maliyyə və texniki aspektləri üzərində işləyir. Özbəkistan-Azərbaycan investisiya fondunun yaradılması üzrə işlərin sürətləndirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub.
 Azərbaycan ilə Özbəkistan arasında siyasi münasibətlərin yüksək səviyyədə olması hər iki ölkə liderlərinin siyasi iradəsi ilə bağlıdır. Təsadüfi deyil ki, hər iki Prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. 2022-ci il isə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz ötən il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. 2022-ci il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Prezident İlham Əliyev sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Prezident İlham Əliyevin bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
Qeyd olunanlarla yanaşı, Azərbaycanın əlverişli nəqliyyat yollarının üzərində yerləşməsi faktı da bu sahədə Özbəkistanı fəal əməkdaşlığa sövq edir. Bu da öz növbəsində Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Prezident İlham Əliyevin ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 
Beləliklə, Özbəkistan Prezidentinin ölkəmizə dövlət səfəri tərəflər arasında strateji əməkdaşlığın genişlənməsinə, bütün platformalarda qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə təkan verəcəkdir.
 
 
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
 



Mənbə