Cəlilabad rayonu, Kirovka kənd sakini, 4 uşaq anası Sadıqova Aidə Balasər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Bələdiyyə sədrindən və pullu qonşusundan şikayətçidir:
“Mən, Sadıqova Aidə Balasər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimin araşdırılması üçün mənə kömək göstərəsiniz.
Kənddə yaşayırıq, bəzilərimiz maldarlıq, bəzilərimiz isə əkinçiliklə məşğul oluruq. Hər kəs çörək pulunu çıxarmaqla məşğuldur. Çox təəssüf ki, halal çörəyimizi qazanmağa mane olanlar var. Kəndimizdə yaşayan, “Kamal” adı ilə tanınan, lakin əsl adı Şükürov Rəfail Şükür oğlu olan şəxs bizə imkan vermir ki, çörək pulumuzu qazanaq.
2 baş inəyimiz var, onların altını təmizləyib evimizin qabağındakı əraziyə boşaldırıq. Həmin ərazidə rus qəbiristanlığı var, ətrafı hasarlanıb. Yəni bu adamın dərdi sırf qəbiristanlıq deyil, onsuz da qəbiristanlığa tökülmür. Sadəcə imkanlı adamdır, pulu çoxdur, hər işə qarışır.
Keçən il də bizə hədə-qorxu gələrək, “sizi öldürəcəyəm” deyirdi. O, “bu rayonda mən nə desəm qanundur, mənim sözümdən heç kəs çıxa bilməz” kimi ifadələr işlədir.
Həqiqətən də belədir, Cəlilabad Rayon Bələdiyyəsinin sədri Mehdi müəllimdən tutmuş, bütün vəzifəli şəxslər Kamalın dediklərini təsdiqləyir. Əlbəttə, onda olan pul, var-dövlət məndə də olsaydı, mənim də sözüm təsdiqlənərdi.
Keçən il sizin qəzet vasitəsilə müraciətimdən sonra, hədə-qorxu olunmaqdan canımız qurtarmışdı. Bu il yenə hədə-qorxular gəlməyə başlayıb. Bu səbəbdən də sizin redaksiyadan kömək istəyirəm.
Mən başa düşürəm ki, qanun varlıya keçmir, varlılar qanunu saymır, amma nə olar, biz kasıbların da arada şikayətlərinə baxılsın. Qanun mənim kimi kasıb təbəqəyə şamil edilir, Kamal kimi pullu adamlara şamil edilmir.
Kamalın tikdirdiyi qanunsuz tikililəri heç kəs sökdürə bilmir, amma mənə zülm edirlər. Kamal dəfələrlə deyib, “elə bir kişi yoxdur ki, mənim tikdiyimi sökdürə”. Düz də deyir, bütün kənd bir yanadır, Kamal bir yana. Kamal qanunları öz pulu ilə satın alıb, Cəlilabad Rayon Bələdiyyəsi, İcra Hakimiyyəti də buna göz yumur.
Mən bu yazını oxuyan səlahiyyətli şəxslərdən xahiş edirəm ki, bu iş qanuni şəkildə araşdırılsın. 4 uşaq anasıyam, məni sakit həyat yaşamağa qoymurlar. Bəlkə kəndin icra nümayəndəsi və yaxud bələdiyyəsi Kamal müəllimdir, biz bilmirik? Belədirsə, bütün kəndi ona təhvil verək, çıxaq.
Bu qədər vicdansızlıq olmaz. Qadınla dava etmək kişiyə yaraşmaz. Mən öz uşaqlarımın çörək pulu üçün əziyyət çəkirəm. Cəlilabadda “qanun şah deyil, şah qanundur”. Bir ölkədə ki, qanunlar mənim kimi kasıb təbəqələrə şamil olunur, deməli, belə bir ölkədə yaşamağa dəyməz.
Kamal mənim yoldaşımı həbs etdirməklə hədələyir. Bu adam kimdir, nə işlə məşğuldur ki, rayonda istədiyini edir?!
İcraçı ramin müəllim mənə deyir ki, bir daha heyvanının altını təmizləyib evinin qabağına tökmə. Sual verirəm ki, Ramil müəllim, digər şəxs – Kamal müəllim bəs niyə tökür? Mənə deyir ki, sən hələ öz tapşırığını et, digəri sənlik deyil, araşdırarıq. Belə qanun harada var, bir qonşuya olar, digərinə olmaz?!”
Məsələ ilə əlaqədar Cəlilabad Rayon Bələdiyyəsinin sədri Fərqanə Məmmədova ilə əlaqə saxladıq. Fərqanə xanım məsələyə bu cür münasibət bildirdi: “Kamal müəllim orada abadlıq işləri qurub, ağac əkib, özü üçün şərait qurub. Həmin ərazidə Kamal müəllim qeyri-qanuni heç nə etməyib. Amma Aidə xanım onun qurduğu səliqə-səhmanı dağıtmaq istəyir”.
Qeyd edək ki, Bələdiyyə sədri suallarımızı bitirməmiş “məni maşın gözləyir, vaxtım azdır” deyərək telefonu söndürdü.
Əslində, Fərqanə xanımın məsələyə bu cür reaksiya verməsi gözlənilən idi. Lakin onun “Aidə xanım Kamal müəllimin qurduğu səliqə-səhmanı dağıtmaq istəyir” ifadəsi heç də həqiqəti əks etdirmir. Birincisi, necə olur ki, Kamal müəllim öz heyvanlarının peyinini “abadlaşdırdığı əraziyə” ata bilər, amma Aida xanım yox?! İkincisi, boş bir ərazini zəbt edib, özü üçün toyuq damı və s. tikdirmək nə vaxtdan kənd üçün abadlıq işləri sayılır?!
Üstəlik, şikayətçi tərəfindən redaksiyamıza göndərilən vidiolarda Kamal müəllimin zəbt etdiyi sahələrdəki ağacları kəsdiyi də açıq-aşkar görünür. Buyurun, izləyin:
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.