Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın gücləndirilməsi üçün böyük perspektivlər mövcuddur

 
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycana dövlət səfərinə gəlib. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək və geniş tərkibli görüşləti baş tutub, sonra Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və praktiki əməkdaşlığın genişləndirilməsi ilə bağlı birgə sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə keçirdiyi geniş tərkibdə görüşdə ölkələrimizin dostluq tarixinə nəzər salaraq qeyd edib ki, “Azərbaycanı və Özbəkistanı qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir”. 
Azərbaycanla Özbəkistan arasında əlaqələr böyük potensiala malikdir, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının sabitliyinin qorunmasında və inkişafında mühüm rol oynayır. Avqustun 22-də keçirilən yüksək səviyyəli görüşlərdə iki ölkə liderləri Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının dərinləşdirilməsi və çoxşaxəli əməkdaşlığın, ilk növbədə, siyasi, ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya və mədəni-humanitar sahələrdə inkişafı məsələləri müzakirə edilib. Qeyd edilib ki, son illər Bakı ilə Daşkənd arasında rəsmi əlaqələr əhəmiyyətli dərəcədə fəallaşıb. Orta dəhlizdən keçən Xəzər dənizinin şərq və qərb hissəsinin ölkələri arasında yaxınlaşma prosesi xeyli sürətlənib. 
Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında əlaqələrin möhkəmlənməsi Şərqlə Qərb arasında Orta Dəhlizdən istifadənin əhəmiyyətini və potensialını artırıb. Bakı ilə Daşkənd arasında əlaqələrin möhkəmlənməsi bu prosesləri sürətləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin 21-22 iyun 2022-ci il tarixlərində Özbəkistana səfəri zamanı iki ölkə arasında 19 saziş imzalanıb. Sazişlərin əsas məqsədi strateji tərəfdaşlığın yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.
Əgər 2019-cu ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 81 milyon dollar idisə, 2020-ci ildə bu rəqəm 82,3 milyon dollar olub. Bundan əlavə, ikitərəfli əlaqələrin genişlənməsi ilə ticarət dövriyyəsinin həcmi 16% artaraq 111,9 milyon dollara çatıb. Bu göstərici 2022-ci ildə də artıb. Sonrakı illərdə də yüksəliş trendini davam etdirməkdədir. Hazırda Bakı və Daşkənd ümumi dəyəri 700 milyon dollardan çox olan beş böyük layihənin həyata keçirilməsinin maliyyə və texniki aspektləri üzərində işləyir.
2022-ci ildə Türkiyə, Özbəkistan və Azərbaycanın xarici işlər, ticarət və nəqliyyat nazirləri “Orta Dəhliz” mövzusunda görüş keçirib. 2022-ci il avqustun 2-də keçirilən görüşün nəticəsində Özbəkistan və Azərbaycan arasında münasibətləri yeni mərhələyə çıxaran Daşkənd Bəyannaməsi imzalanıb. İki ölkə arasında xüsusilə mühüm hadisə enerji sahəsində əməkdaşlıq olub. Bundan əlavə, Qarabağdakı layihələr üzrə də əməkdaşlıq aparılır. Hazırda Özbəkistanın Qərbə çıxmaq üçün Zəngəzur dəhlizindən istifadə etmək imkanı ən böyük perspektivdir.
Bakı-Daşkənd yaxınlaşması Orta Dəhlizin strateji əhəmiyyətini artırır. Çünki Azərbaycan dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələri üçün mühüm limandır. Beləliklə, Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafının qarşılıqlı fayda gətirəcəyi aydındır. İlk növbədə, ölkələrin yeni iqtisadi maraqları və möhkəm əlaqələri bundan sonra da inkişaf edəcək. Xüsusilə, Özbəkistan Qərbə ən qısa və ən ucuz marşrutla gedə biləcək. Bir sözlə, bu iki ölkə arasında əlaqələr böyük potensiala malikdir və Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının sabitliyinin qorunmasında və inkişafında mühüm rol oynayır.
 Qeyd edilməlidir ki, iki ölkə arasında geniş ticarət əlaqələri mövcuddur. Ölkələr arasında azad ticarət rejimi yaradılıb. 1998-ci ildən Hökumətlərarası Birgə Komissiya (HBK) fəaliyyət göstərir. 2023-cü ilin 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 143,9 mln. ABŞ dolları (+42,9 faiz) təşkil edib, ixrac 81,2 mln. dollar, idxal 62,7 mln. dollar təşkil edib. Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 203 müəssisə fəaliyyət göstərir, onlardan 66-sı birgə müəssisə, 137-si isə 100 faiz xarici kapitalın iştirakı ilə yaradılıb. 2023-cü ilin fevralında Özbəkistan və Azərbaycan nizamnamə kapitalı 500 milyon dollar olan İnvestisiya Fondu yaradıb. Ümumi dəyəri 4,5 mlrd. ABŞ dollarından artıq məbləğdə 50-dən çox investisiya layihəsi və ticarət sazişindən ibarət portfeli formalaşdırılıb. 
Nəqliyyat sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. 2019-cu ildə Daşkənddə dəmir yolu idarələrinin rəhbərlərinin beynəlxalq multimodal marşrutun inkişafı məsələlərinə dair iclası keçirilib. Sazişlərin icrası çərçivəsində Qırğızıstandan Özbəkistan ərazisindən keçməklə Poti limanına (Gürcüstan) ilk sınaq dəmir yolu layihəsi 2020-ci ilin yanvarında uğurla istifadəyə verilib. 
2022-ci ildən ölkələr arasında hava sərnişin və yük daşımaları bərpa edilib. 2023-cü ilin 6 ayı ərzində yükdaşımaların ümumi həcmi 47 min ton (+21%) təşkil edib. Bunun 26,9 min tonu dəmir yolu, 19,0 min tonu avtomobil nəqliyyatında olub.
Bakıdan Daşkənd, Səmərqənd, Urganç və Fərqanəyə həftədə 15 birbaşa uçuş həyata keçirilir. Sevindirici haldır ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev səfəri zamanı Azərbaycan və Özbəkistan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəliblər. 
Həmçinin iki dövlət arasında mədəni-humanitar sahədəki əməkdaşlı əlaqələri genişlənməkdədir və digər sahələrdə də əməkdaşlığın gücləndirilməsi üçün böyük perspektivlər mövcuddur.
 
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
 



Mənbə