Meşəli soyqırımında 7 qohumu öldürülən şəxs: Xaçaturyan əlimə düşsəydi…

Xəbər verdiyimiz kimi, iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri – Vaqif Xaçaturyan saxlanılıb.
1991-ci il 22 dekabr tarixində qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Xocalının Meşəli kənd sakinlərinə hücum edib. Nəticədə 25 nəfər amansızlıqla qətlə yetirilib, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 358 nəfər isə öz doğma yurdlarından didərgin düşüb.

Meşəlidə törədilən soyqırımda 7 yaxınını itirən Tural Nurməmmədov AZXEBER.COM-a danışıb. 

O, bildirib ki, 32 ildən sonra babaları, nənələri, xalaları və dayısının qatili Vaqif Xaçaturyanı görəndə keçirdiyi nifrət dolu hissləri sözlə ifadə etməkdə çətinlik çəkir:

“Mən Xocalının Meşəli kəndində anadan olmuşam. Kəndimizdən çıxanda 6 aylıq körpə idim. Xocalıda yaşananlarla bağlı ailəmin, qohumlarımın danışdıqlarından məlumatım var. Ata tərəfdən Nurməmmədov Hüseyn Rza oğlu, Nurməmmədov Pakizə İslam qızı, ana tərəfdən isə, Novruzov Novruz Məhərrəm oğlu, Novruzova Adilə Məhəmməd qızı, Novruzov Zakir Novruz oğlu, Novruzova Rahilə Novruz qızı, Novruzova Rübabə Novruz qızı Meşəli kəndində törədilən soyqırımda şəhid olub.
Yaxınlarımın qatili Vaqif Xaçaturyanı gördükdə keçirdiyim hiss, əlimə düşsə paramparça edərəm hissi oldu.
Cənab Prezidentimizə, sərhədçilərimizə təşəkkür edirəm ki, məhz onların sayəsində haqq öz yerini tapdı. Xocalı cəlladı, uşaqların, əliyalın qadın-qocaların qatili Vaqif Xaçaturyan bu gün cinayətə cəlb olunur. O, Azərbaycan xalqına cavab verməli, törətdiyi əməllərin cəzasını çəkməlidir. Bəlkə biz, yaxınlarını itirənlər azda olsa, bununla təsəlli taparıq”.
Tural Nurməmmədov qeyd edib ki, Vaqif Xaçaturyana təkcə həbs cəzası verməklə kifayətlənilməməlidir:
“O, xalq düşməni, ən pis adlara layiq görülməlidir ki, etdikləri əbədi yaddaşlarda qalsın. Biz də gənclər olaraq, Xocalı sakinləri olaraq, dünya ictimaiyyətinə çatdırmalıyıq ki, canilər Meşəli kəndində insanlığa sığmayan necə vəhşicəsinə soyqırım həyata keçiriblər.
Hazırda Meşəli sakinləri Goranboy rayonunun Ağcakənd qəsəbəsində məskunlaşıb. Ailəmdən, qohumlarımdan eşitdiklərinə əsasən deyə bilərəm ki, bu cinayəti törədənlərin sayı çoxdur. Ordumuzdan, Ali Baş Komandanımızdan gözləntimiz budur ki, digər Xocalı cəlladları da layiqli cəzalarını çəksinlər”.
Şəbnəm Zahir