Məğlubiyyət davam etsə də Rusiya iddialarından əl çəkmir

NATO-nun genişlənməsi, hətta daha bir neçə dövlətin bu təşkilata üzv olmaq istəyi Rusiyanı daha da hiddətləndirir.

Əslində hər bir ölkənin öz strateji maraqlarını və təhlükəsizliyini nəzərə alaraq beynəlxalq hərbi bloklarda təmsil olunmaq hüququnun və istəyinin olması təbii haldır. Bugünkü Rusiya isə Baltikyanı respublikalar istisna olmaqla keçmiş SSRİ məkanındakı ölkələrin NATO-ya üzvlük məsələsini özünə qarşı ciddi təhlükə hesab edir.

İmperiya iddialarından əl çəkməyən, öz əhalisinin sosial-iqtisadi problemlərini həll etmək gücündə olmayan, Ukrayna ilə müharibədə böyük itkilər verən Rusiya keçmiş SSRİ məkanındakı bir sıra regionlardan, o cümlədən Cənubi Qafqazdan əl çəkənə oxşamır.

Belə təhdidlərin qarşısını almaq üçün Qərbə və yaxud ABŞ-a bel bağlamaq çətin məsələdir.

Digər bir məkrli plan Türk Dövlətləri Təşkilatının genişlənməsinin qarşısını almaq və həmin ölkələrdə müxtəlif formada çaxnaşmalar yaratmaq Rusiyadakı bəzi qüvvələrin hədəflərindədir. Qazaxıstanda, Özbəkistanda ötən il baş verən  məlum hadisələr bunu sübut edir. Şimal qonşumuz belə imperiya gedişli hərəkətləri ilə bütün keçmiş SSRİ məkanında antirus meyllərini gücləndirsə də, təəssüf ki, bu siyasətindən əl çəkənə oxşamır.

Müşahidələr göstərir ki, belə məqamda Azərbaycan və Türkiyə Prezidentlərinin iki il öncə imzaladıqları Şuşa Bəyannaməsi ölkəmizi çox ciddi təhdidlərdən qoruyacaq addımlardan biridir. Bu tarixi sənəd regiona ediləcək təhdidlərinin qarşısını almaqla bərabər, bölgə dövlətlərinin sabit inkişafına təminat yaradacaq. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bölgənin geosiyasi mənzərəsini dəyişəcək bu Bəyannamə dünyaya ünvanlanmış ciddi mesajdır.

Əkrəm Bəydəmirli