Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına uğurla rəhbərlik edərək Hərəkatın nüfuzunu daha da artırdı

Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük təsisatdır.

Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Balı adasında  Qoşulmama Hərəkatına üzv olan dövlətlərin dəstəyi ilə Hərəkata tam hüquqlu üzv qəbul edilmişdi.

2012-ci ilin may ayında isə Qoşulmama  Hərəkatının növbəti iclasında Yekun Sənədin qəbulu zamanı sənədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilmiş və QH üzv dövlətləri Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək  və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə edilmişdir.

25-26 oktyabr 2019-cu il tarixində Azərbaycan Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT-yə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir.  

Bakı Sammiti ilə Hərəkata Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə ölkəmiz Qoşulmama Hərəkatına uğurla rəhbərlik etdi və Hərəkatın nüfuzunun və rolunun beynəlxalq aləmdə daha da artmasına səbəb oldu. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri olaraq beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təklif və təşəbbüslər, verdiyi humanist və düzgün qərarlarla həm Hərəkat üzvlərinin həm də digər ölkələrin dəstəyini qazanıb. 

Qoşulmama Hərəkatına üzv dövlətləri QH-ya uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş və Azərbaycan tərəfi də bu təklifi qəbul etmişdir. Beləliklə Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.

Azərbaycanın Qoşulmama Təşkilatına sədrliyi pandemiya vaxtına təsadüf etdi. Həmin vaxt Azərbaycan pandemiya ilə mübarizədə bir çox humanist təşəbbüslərlə çıxış etmiş, eyni zamanda peyvənd millətçiliyinə qarşı etirazını bildirmişdir. Həmin vaxtda QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Asambleyasında, həm də BMT-nin insan Hüqüqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. 
Pandemiya dövründə bir çox zəngin ölkələr lazım olduğundan daha çox peyvənd alırdılar, buna görə də digər ölkələr peyvənd əldə edə bilmirdilər.

Qoşulmama Hərəkatı da daxil olmaqla Azərbaycan Respublikası Covid-19 virusunun geniş yayıldığı və minlərlə can aldığı bir dövrdə 30-dan çox ölkəyə humanitar yardım göstərmiş, 4 ölkəyə isə 150 min doza peyvənd ianə etmişdir.

Azərbabaycan Prezidenti çıxışında vurğulamışdır: “Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci  ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVİD-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmişdir.

Zirvə toplantısı zamanı mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsini təklif etdim. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəkləndi və 2020-ci il 3-4 dekabr tarixində xüsusi sessiya baş tutdu”.

Dövlət Başçısı eyni zamanda vurğulayıb ki, COVİD-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş məqsədyönlü və qlobal addımlara ehtiyac var. Bu mənada biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayaraq BMT-nin COVİD -19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edirik.

Eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması, sonra isə sədr seçilməsi Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı.

Qoşulmama Hərəkatı Gənclər  Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Qoşulmama Hərəkatına  üzv olan ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı. Təşkilatın yaradılmasına dair sənədin qəbulu ilə Şuşanın adı bu qurumun tarixinə yazıldı. 

Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi, təşkilatın loqosu və bayrağı təsdiqlənib.

Ermənilər müharibə ərəfəsində Azərbaycanın əzəli-əbədi yaşayış məskəni, yurd yeri olan Qarabağın şəhər və kəndlərini dağıdaraq viran qoymaqla bərabər, eyni zamanda minalar basdırmiş və müharibənin qanunlarına zidd olaraq basdırdıqları minaların xəritəsini qarşı tərəfə təqdim etmədilər. Bunun nəticəsində isə 300-dən çox insan minaya düşərək həyatını və ya sağlamlığını itirmişdir. 

Bununla bərabər öz yurd-yuvalarından didərgin düşmüş qaçqınların minalara görə geri qaytarılması ləngiyir.

Bütün bunlara baxmayaraq bu gün Azərbaycan İkinci Qarabağ müharibəsində Möhtəşəm Qələbə qazanaraq torpaqlarımızı 30 illik işğaldan azad etdikdən sonra doğma Qarabağda abadlıq quruculuq işləri görür. Tunellər, körpülər, yollar çəkilir, inzibati və yaşayış binaları tikilir. İnsanların burada rahat yaşaması üçün hər bir şərait yaradılır.

 Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru



Mənbə