Veteran tankçılar 26 İyun –Silahlı Qüvvələr Günü ilə əlaqədar Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan döyüşçü yoldaşlarının məzarlarını ziyarət edib, üzərinə tər qərənfillər düzüblər. Şəhid tankçıların ruhuna dualar oxunub.
AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanında dəfn edilmiş Silahlı Qüvvələrin ilk tankçıları – Milli qəhrəmanlar Albert Aqarunov, Şövqiyar Abdullayev, Əsəd Əhmədov, “Azərbaycan Bayrağı” ordenli Əhməd Mehbalıyev, Qabil Süleymanovun və digər şəhid tankçıların məzarları ziyarət olunub.
Veteran tankçılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edənlər Birinci Qarabağ müharibəsi zamanı Şuşa, Ağdam, Füzuli, Tərtər, Goranboy istiqamətlərində gedən döyüşlərdə şəhid olan silahdaşlarının qəhrəmanlıqlarından, göstərdikləri igidlik və fədakarlıq nümunələrindən, onlarla bağlı xatirələrindən danışıblar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin düşmən tapdağı altında qalmış torpaqlarımızı azad edərək şəhidlərimizin qisasını aldıqları diqqətə çatdırılıb. Əminliklə bildirilib ki, veteran tankçılar Ali Baş Komandanın ətrafında sıx birləşərək Vətənin müdafiəsinə həmişə hazırdırlar.
Sonra veteran tankçılar iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını, eyni zamanda, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsini də ziyarət edərək üzərinə tər çiçəklər düzüblər.