Pakistan həmişə Azərbaycanın yanında olub

 
Azərbaycan hər zaman türk və islam dünyası ilə sıx münasibətlər qurub. Bu baxımdan, ölkəmizin Türkiyə və Pakistanla münasibətləri xüsusilə vurğulanmalıdır. İyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, 15-də isə Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür.
Pakistanla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur, siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Ümumiyyətlə, Pakistan həmişə Azərbaycanın haqq işini dəstəkləyib və bu günə kimi də Ermənistanla diplomatik əlaqələr qurmayıb, Ermənistanı dövlət kimi tanımayıb. Yeri gəlmişkən, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bir daha bu məqamın üzərində dayanıb. Baş nazir “Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman birmənalı şəkildə dəstəkləmişik” deyə bildirib.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin başçısı İlham Əliyevlə keçirdiyi görüş zamanı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərini ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini vurğulayıb. Ölkə başçısı bildirib ki, “Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub”. Prezident İlham Əliyev tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərin ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini deyib: “Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub”.
Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. “Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram”.
Azərbaycan və Pakistan ən çətin anlarda birgə addımlayıblar. Ən çətin zamanlarda Pakistan və Azərbaycan bir-birlərinin yanında olduqlarını bəyan ediblər. İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü və qəsbkarlıq siyasəti Pakistan xalqı və ictimaiyyəti tərəfindən daim qınanıb. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib.
Ümumiyyətlə, Türkiyə və Pakistan kimi ölkələrin mövqeyi və yürütdükləri siyasət türk dünyasında əlaqələrin inkişafına, türk  dünyasının maraqlarının müdafiəsinə yönəlmiş siyasətin bariz nümunəsidir. 
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 



Mənbə