Milli Məclisin son plenar iclasında avtomobillərin utilizasiyası ilə bağlı qanun layihəsi müzakirə olundu. Deputat Vüqar Bayramov çıxışı zamanı qeyd edib ki, bir sıra region ölkələrinin, eləcə də Avropa İttifaqına üzv dövlətlərin təcrübəsini nəzərə alsaq, bu sahədə ayrıca qanunun hazırlanması və qəbul olunması daha məqsədəuyğun olar. Utilizasiya zamanı avtomobil sahiblərinə ödəniş necə olunur?
Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında avtomobil eksperti Şahin Göyləroğlu deyib ki, utilizasiyaya verilən nəqliyyat vasitələrinə görə kompensasiyanın ödənilməsi, prosesin hansı şəkildə aparılması ümumilikdə ölkənin vəziyyətindən asılıdır.
O bildirib ki, bu proses avtomobil istehsal edən ölkələrdə fərqli şəkildə həyata keçirilir:
“Avtomobil istehsalçıları kampaniya hazırlayaraq insanları maşınlarını yeniləməyə təşviq edirlər. Bəzi ölkələrdə köhnə avtomobilini dəyişmək istəyən şəxslər sığorta, vergi ödənişindən azad edilirlər. Bizim kimi ölkələrdə isə hər şey dövlətin büdcəsindən asılıdır. Yəni kompensasiyanın nə qədər olması, yaxud olmaması dövlət vəsaitinin miqdarına bağlıdır. Ümumiyyətlə, Azərbaycan avtomobil bazarının ili o qədər köhnədir ki, burada kompensasiya məbləği də yüksək olmayacaq”.
Ekspert deyib ki, XX əsrin 60, 70, 80-ci illərinin sovet istehsalı maşınlarının hazırda sadəcə nömrələri qeydiyyatdadır:
“Onların çoxu elə yararsız haldadır ki, yola çıxa bilmirlər. Bu avtomobillərin çox cüzi hissəsinin dəyəri ola bilər ki, onun da ili köhnə olduğu və istismara yararını itirdiyi üçün dəyəri də itir. Düşünürəm ki, dəyərin hesablanması zamanı təxminən 500-1500 manat arası bir məbləğ müəyyənləşdiriləcək. Bu, sadəcə bir ehtimaldır.
Onsuz da hibrid plagin, hibrid elektrik avtomobilləri gömrük rüsumundan azad edildikdən sonra ciddi geriləmə var. Yəni köhnə maşınlar artıq ölkəyə avtomatik olaraq gələ bilmirlər. Nəticə olaraq bununla bağlı təşviqat prosesi aparılır”.