Qarabağa kimin gəlib-gəlməyəcəyinə Azərbaycan qərar verir – Akopyan

Qarabağa gələn ermənilərin sərhəd-keçid məntəqəsində pasportunu göstərərək, Azərbaycan əsgərindən icazə alması inteqrasiyanın birinci mərhələsinin başlaması deməkdir.

Dunyaxeber.org xəbər verir ki, bu fikirləri qondarma rejimin “deputatı” Metakse Akopyan deyib.

Onun sözlərinə görə, Qarabağa gəliş-gediş məsələsinə Azərbaycan nəzarət edir.

“Bütün bunlar göstərir ki, Qarabağa kimin gəlib, kimin gəlməyəcəyinə Azərbaycan qərar verir. Yəni “hakimiyyətin” (qondarma rejimi nəzərdə tutur-red) burada rolu yoxdur. Onlar sadəcə Azərbaycanın oyun qaydaları ilə razılaşıblar”, – deyə Akopyan separatçıların başçısı Arayik Arutyunyanın yarıtmaz “fəaliyyətini” tənqid edib.

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.     /modern.az/