Son günlərdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni məskunlaşan erməni silahlı dəstələrinin fəallaşdığı müşahidə olunur.
Hər gün mövqelərimizi atəşə tutan separatçılar artıq fərqli yollara da baş vururlar. Belə ki, 4 iyun saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Qeyd edək ki, separatçılar hər gün atəşkəsi pozur və tələb olunan kəşfiyyat məlumatlarını toplamaq üçün ərazidə dron uçuşlarının sayını artırıblar.
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, separatçılar Azərbaycanla Ermənistan arasındakı sülh prosesini sabotaj etməyə çalışırlar:
“Amma onların bu məsələdə özbaşına qərar verəcək səviyyədə olmadığını düşünürəm. Əslində Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını tam olaraq həzm edə bilmir. Həmçinin, Kremlin maraqlarından biri də separatçıların daim o ərazilərdə mövcud olmasıdır.
Çünki rus elitasında Azərbaycanın Xankəndidə yurisdiksiyasını bərpa etməsi Rusiyanın ənənəvi imperiyalist siyasi maraqlarına təhdid kimi qəbul edilir. Bu yanlış yanaşmaya görə Rusiya bu gün dünya səviyyəsində təklənmiş bir vəziyyətdədir”.
Politoloq qeyd edib ki, son dövrlər yayılan görüntülərdə Xocalıda və başqa ərazilərdə qanunsuz erməni silahlı birləşmələri rus sülhməramlılarının müşayiəti ilə birgə hərbi təlimləri keçirilir:
“Bu isə onu söyləməyə əsas verir ki, Azərbaycan və Ermənistan arasında sülhlə bağlı artıq yekun nəticə əldə ediləndə separatçılardan hər an təxribat törətmək üçün istifadə edilə bilər. Amma Azərbaycan Ordusu separatçıların istənilən təxribatını yerində cavablandırmağa hazırdır”.