Müəllimlər pensiyaya çıxmaq istəmirlər: Narazı müəllim nələr danışdı?

Son günlər müəllimlərin pensiya yaşı ilə bağlı məsələ daha da aktuallaşıb. 

Bu istiqamətdə aparılan müzakirələrdə hətta bəzi millət vəkilləri müəllimlərin çalışma yaş həddinin artırılmasını təklif etsələr də, digər tərəf onların pensiya yaşı çatdıqda məktəblə vidalaşmalı olduqlarını deyir. Hətta bəzi ekspertlər belə fikirlər irəli sürürlər ki, gənc kadrların çalışması üçün şərait yaradılmalıdır.

Ancaq bu gün müəllimlərin bir çoxu pensiya yaşı çatmasına baxmayaraq, hələ də əmək fəaliyyətini davam etdirmək istəyir. Bugünlərdə “Facebook” səhifəsində pensiya yaşı ilə bağlı təqaüdə çıxan müəllim, Firəddin Əlioğlu belə bir məlumat paylaşıb:

“45 il müəllim işləyib aldığım pensiyaya görə bu pensiyanın həcmini müəyyən edən dövlət məmurlarına ar olsun deyirəm!” 

Qeyd edək ki, həmin müəllimin fikilərinə qoşulan bir çox müəllim də çalışdığı müddətin müqabilində aldığı pensiyanın azlığı ilə bağlı öz etirazlarını bildiriblər. Ancaq müəllimlərin pensiya yaşı çatsa da, yenə peşəsini davam etdirmək istəyinə müsbət yanaşmayanlar da var.

Müəllimlər niyə pensiyaya çıxmaq istəmir?

Məsələ ilə bağlı elə bu mövzuda status paylaşan müəllim, Firəddin Əlioğlu fikirlərini Cebhe.info ilə bölüşüb:

“Mən Füzuli rayonunda yaşamışam. Rayon işğal edildikdən sonra məcburi köçkün kimi Bakı şəhərində yaşayıram. Füzuli rayon 50 saylı orta məktəbdə 1993-1996-cı illərdə fəaliyyətimi davam etdirmişəm. Hazırda Bakı şəhər Yasamal rayonu 225 saylı orta ümumtəhsil məktəbində işləyirəm.

Mən orta ümumtəhsil məktəbində 45 ildir tarix müəllimi işləmişəm. Ötən ildən təqaüdə çıxmışam və dövlətin ayırdığı pensiya məni qane etmir. Yəni 45 il müəllim işləyən bir şəxsə o həcmdə pensiya verməsi utancdır, dövlətin adına yaraşmır. Ona görə də mən “Facebook”da həmin statusu paylaşdım.

Yazdım ki, pensiyanı müəyyənləşdirən məmurlara ar olsun. Çox sayda müəllim ordusu bu fikirlərə qoşulub. Bu vəziyyətin özü bir daha sübut edir ki, Azərbaycanda müəllimlərin təqaüdə göndərilməsi zamanı onlara qarşı çox böyük ədalətsizlik olur”. 

Həmsöhbətimiz bildirib ki, təqaüdə çıxmamaq məcburiyyətində qalıb:

“Ona görə də məktəb rəhbərliyindən xahiş edib, öz müqavilə müddətimi uzatmışam. Alacağım vəsait məni və dolanışığımı heç cür təmin etmir. Yalnız müəllimlər deyil, ümumiyyətlə, Azərbaycanda pensiya sistemi olduqca gülünc  vəziyyətdədir. Məsələn, 45 il müəllim işləyəsən, dolanışığını təmin etməyən pensiyanın təyin edilməsi ölkənin vətəndaşı üçün həqarətdir. Mən tələbə yoldaşlarımla əlaqə saxlayıram.

Onların dediyinə görə, hələ mən yüksək məbləğdə pensiya alıram. Vaxtilə dərs saatlarım çox olub və hazırda 485 manat pensiya alıram. Tələbə yoldaşlarım 300-380 manat məbləğində pensiya alırlar və onlar da 45 il müəllim işləyiblər. Ümumilikdə götürdükdə, bu gün 45 il müəllim işləyən 320-360 manat təqaüd alır”. 

Müəllim deyir ki, hazırda 65 yaşı tamam olub, ancaq aldığı təqaüd onu qane etmədiyinə görə yenidən öz fəaliyyətini bir il də davam etdirməyə məcbur olub:

“Çox pis vəziyyətdir və bu məsələyə bütün KİV, təbliğat vasitələri geniş yer ayırmalıdırlar. Yalnız müəllimin təqaüdü deyil, ümumiyyətlə, Azərbaycanın bugünkü bazar qiymətləri ilə pensiyanı müqayisə etdikdə insanın 5-10 günlük dolanışığına çatmır. Bu pensiyanı təyin edənlər hara baxırlar, nə fikirləşirlər?

Doğrudandamı onların vətəndaşların yaşayışından xəbərləri yoxdur? Müəllimlər dərs saatlarını deməklə əlavə qazanc əldə edir, onun hesabına yaşayırlar. Necə olur ki, gömrük orqanlarında çalışanlara 10 min manata qədər, başqa vəzifə sahiblərinə yüksək məbləğdə təqaüd verə bilirlər, ancaq müəllimi belə aşağılayırsan? Ona görə məhz bu gün müəllimə olan münasibət təhsilin bərbad olmasına gətirib çıxarır.

Keçmiş təhsil naziri Misir Mərdanov bildirmişdi ki, müəllimə ən azı 2 min manat əmək haqqı vermək lazımdır. Hazırda bu yoxdur, ona görə məktəbdən təhsil ummaq hələ uzun müddət çox çətin olacaq”.   /Cebhe.info/