İran qanun dövləti deyil və heç bir əməlinə də cavabdehlik daşımır. İndiyə kimi yalan ittihamlarla çoxlarını edam edib. Sonra isə sənədlər ortaya çıxanda məlum olub ki, edam olunan insanların heç bir günahı yox imiş. Rejim də bu insanların günahsız olduğunu bilirdi, lakin onları edam etdirib. Məqsədi güc nümayişi və qorxu yaratmaq olub. Azərbaycan vətəndaşı Fərid Səfərlinin tutulması da eyni əməllərin göstəricisidir.
Bu sözləri Axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım tələbə Fərid Səfərlinin İranda casus kimi tutulmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu işdə müəmmalı məqamlar çoxdur və tələbə İranın çirkin siyasətində sadəcə bir qurbandır:
“Plan qurublar. Tələbəni İrana gətizdirmək üçün şərait yaradıblar. Məlumatda deyilir ki, qız İstanbula getmək üçün guya viza ala bilməyib. Bu, yalan iddiadır. Çünki İran və Türkiyə arasında viza yoxdur. Qurama iş kimi görünür. İran qurban axtarırdı və təcrübəsiz gənci ilişdirib, tora saldılar. Ondan istifadə etmək istəyirlər. Tələbə Almaniyadan İrana gedib qısa müddət ərzində hansı gizli məlumatı toplaya bilərdi? Bu bacarıq heç peşəkar agentlərdə yoxdur, tələbədə necə olsun? İnandırıcı deyil”.
Saleh İldırım İranın dəfələrlə casus iddiasından yararlandığını və bu məsələnin artıq ənənəvi dövlət siyasəti olduğunu bildirib:
“Casusluq ittihamını hər kəsə vura bilərlər. İran bundan elə məharətlə istifadə edir ki, sonda turistlə terrorçunu dəyişməyə müvəffəq olur. İran Belçikada, Avropa ölkələrinin birində bomba yerləşdirmək üçün göndərdiyi Əsadulla Əsədi günahsız avropalı turistlə dəyişdi. Çünki Avropa öz vətəndaşlarına dəyər verir. İran da bundan sui-istifadə edərək, turistin əvəzində terrorçusunu xilas etdi. Həqiqətən xarici vətəndaş casus olsaydı, İran onu heç bir vaxt dəyişməzdi və edam edərdi. Keçən il İsrail əleyhinə Tailanda bomba yerləşdirən bir iranlını da avstryalı araşdırmaçı ilə dəyişdirdilər. Belə misallar çoxdur. Fəridin tutulması da bu məqsədlərdən biridir. Ola bilsin, Azərbaycanda İrana casusluq edən lazımlı adamını azad etmək istəyir və bunun üçün günahsız tələbədən istifadə etmək niyyətindədir. Təbii ki, Azərbaycan və ailəsi Fəridin azadlığı üçün çalışacaq. İran da bu vəziyyətdən faydalanmaq istəyir”.
O qeyd edib ki, tələbəyə sürülən ittihamın əsası yoxdur:
“Bəyəm, Azərbaycanın İranla bağlı hər hansı məlumatı öyrənməsi üçün tələbəni ora göndərməyə ehtiyacı var? İranda 40 milyon azərbaycanlı yaşayır. Onlar bütün varlıqları ilə Azərbaycan dövlətinə inanır və hər zaman onun yanındadır. Çünki Azərbaycanı öz vətənləri hesab edir. Hər nə lazımdırsa, onun üçün edərlər. Nəinki sadə insanlar, hətta dövlət işlərində çalışan azərbaycanlılar da bütün məlumatları Azərbaycana ötürər. Sadəcə, Azərbaycan Respublikasının belə işlərə əl atmağına ehtiyacı yoxdur və heç bir dövlətdə casus şəbəkəsini yaratmaz. Amma istər İran, istər də Azərbaycanı istəməyən qüvvələr bu məqamı unutmamalı və hesabını da ona görə kəsməlidir”.
Qeyd edək ki, Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərli bu ölkədə tanış olduğu iranlı qızla görüşmək üçün İstanbula gəlib. Ancaq burda məlum olub ki, qız viza ala bilmədiyi üçün İstanbula gələ bilməyib. Fərid buna görə 20 fevralda İrana gedib və orda yoxa çıxıb.
Yalnız 1 iyunda İran “casusluğa görə” Fərid Səfərlinin həbs olunduğu haqda məlumat yayıb.