Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı “Firuze” kimdir?

Türkiyə pop musiqisinin kraliçası Sezen Aksunun 1982-ci ildə səsləndirdiyi “Firuze” mahnısı illər sonra meqastar Tarkanın ifasında eşidildi. Hər kəs “Firuze”nin həsrət dolu bir sevgi hekayəsi olduğunu düşünür, o gözəl Firuzəyə olan böyük sevgini qısqanırdı. Halbuki mahnı bir ananın öz qızına ithaf etdiyi əsər idi.

Lent.az “Belə yaranıb” rubrikasında  “Firuze” mahnısının tarixçəsindən bəhs edir.

Bu mahnının sözlərinin və musiqisinin müəllifi ssenarist, bəstəkar, şair və aktrisa Aysel Güreldir. O, əsəri yazıb Sezen Aksuya təqdim edib. Türkiyədə sənət aləmində “Dəli Aysel” adıyla tanınan Aysel Gürel çox üsyançı, modern düşüncəli bir qadın idi. O mahnını qızı, aktrisa Müjde Ara həsr edib. Bunun da səbəbi var idi.

Müjde Ar zahirən çox gözəl, bir o qədər də cəsur bir qadın olaraq türk kinosunda açıq- saçıq səhnələri oynamaqdan çəkinməyən, qadınlara qarşı seksual təcavüzləri tez-tez dilə gətirən bir sənətkardır. O illər boyu qadın haqlarını müdafiə edib, ən cəsur rollarda çəkilib. Lakin özü qadın xoşbəxtliyini tapa bilməmişdi. Aysel Gürel hər nə qədər qızının sənətinə heyran olsa da, taleyindən narahat idi. Müjdenin gözəlliyini ilk bahar yaşıllığına bənzədir, gözəl qızının öz həyatından çox qurbanlar verdiyini düşünərək yazırdı:

Kıskanır rengini baharda yeşiller

Sevda büyüsü gibisin sen Firuze

Sen nazlı bir çiçek, bir orman kuytusu

Üzüm buğusu gibisin sen Firuze

Duru bir su gibi, bazen volkan gibi

Bazen bir deli rüzgar gibi

Gözlerinde telaş, yıllar sence yavaş

Acelen ne bekle, Firuze