İyunun 1-dən etibarən ölkədə daşınmaz əmlakını sığortalamayanların cərimələnəcəyi bildirilir.
Son günlər sığorta şirkətləri tərəfindən vətəndaşlara mənzillərin icbari sığortaya cəlb edilməsi barədə xəbərdarlıqlar göndərilir. Əks təqdirdə cərimələnəcəkləri deyilir. Bu xəbərdarlıq vətəndaşlar arasında təşvişə səbəb olub. Lakin bununla bağlı cərimə mexanizminin və onu reallaşdıracaq qurumun olmadığı da deyilir.
Doğrudanmı bu gündən etibarən evləri sığortaya cəlb edilməyən vətəndaşlar cərimələnəcəklər?
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov bildirib ki, mənzillərin icbari sığortası ilə bağlı xəbərdarlıqlar rəsmi deyil. Qanunvericilikdə mənzilini icbarı sığorta etdirməyənlər üçün cərimələr nəzərdə tutulsa da, bu cərimələr artıq xeyili müddətdir qüvvədədir, yəni onun 1 iyun tarixi ilə heç bir əlaqəsi yoxdur:
“Daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minməsinə baxmayaraq, sığorta haqqının yığılmasında çətinliklər qalmaqdadır. Daşınmaz əmlakın təxminən 80 faizə yaxını hələ də sığortasızdır. Nəticədə icbari sığortadan istifadə edilmədiyi üçün əmlaka fərqli səbəblərdən ziyan dəyən zaman ödənişlər həyata keçirilmir. Halbuki, icbari sığortadan istifadə əmlaka dəymiş ziyanın şirkət tərəfindən qarşılanmasına gətirib çıxara bilər.
Bununla belə, sığorta mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. Çünki elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunurlar, həmin əmlaklara ziyan dəymir. Belə əmlaka ziyan dəymədiyi üçün illərlə sığortadan istifadə etmirlər. Hazırda əmlakın sığortalanmasında fiks-vahid tariflər tətbiq olunur. Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş isə əmlakını sığortalayıb, son beş ildə iki dəfə sığorta hadisəsi baş veribsə, yenə də hər iki vətəndaşın sığorta haqqı eynidir.
Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu, təbii olaraq, imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, həm də əmlakına ziyan dəyməyən, sığorta hadisəsi baş verməyən vətəndaşımız əmlaka görə daha az sığorta tarifi ödəsin. Öncə elektron sistem vasitəsi ilə vətəndaşa sms bildiriş göndərilməlidir. Elektron sistemin formalaşması mexanizmin tam tətbiqi anlamına gəlmir”.
Azərbaycan Sığortaçılar Assosiasiyasından Cebhe.info-nun sorğusuna cavab olaraq bildiriblər ki, iyun ayının 1-dən etibarən daşınmaz əmlakın icbari sığortası növü üzrə müqavilələr kağız daşıyıcıdan elektron formaya keçəcək:
“Məhz bu prosesdən sonra sığortaçıda adıçəkilən növ üzrə elektron informasiya bazası formalaşacaq. Daha sonra bu bazadakı məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin reyestrindəki informasiyalarla inteqrasiya olunacaq. Yalnız bundan sonra daşınmaz əmlakın icbari sığortası növü üzrə qanunvericiliyin tələblərinə uyğun şəkildə nəzarət və cərimə mexanizmi formalaşdırılacaq.
Fakt ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə uyğun olaraq daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş şəxslər icbari sığorta müqaviləsi bağlamadıqları təqdirdə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə 200 manat məbləğində cərimələr nəzərdə tutulur.
Təbii ki, sonrakı mərhələdə tətbiq ediləcək mexanizmə əsasən, cərimələr sığortaçılar tərəfindən toplanmayacaq. Cərimə mexanizmi tam formalaşandan sonra proses mexanizmə uyğun şəkildə elektron qaydada icra ediləcək”.
Görünən odur ki, sığorta şirkətləri vətəndaşları təşvişə salaraq iyun ayının 1-dən etibarən daşınmaz əmlakın icbari sığortası növü üzrə müqavilələr kağız daşıyıcıdan elektron formaya keçməsini cərimənin tətbiqi kimi təqdim etməkdə maraqlıdır. Əslində isə cərimə mexanizmi hələ müəyyənləşməyib. /cebheinfo.az/