ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Milleri Ermənistan və Azərbaycan liderlərinin Kişinyovda avropalı tərəfdaşları ilə görüşü barədə bəyanat yayımlayıb.
O bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir və bunu görməkdən məmnunuq. Sənəddə qeyd olunub ki, tərəflər arasında sülhə nail olmaq olar:
“Ümid edirik ki, bu məsələlərin həlli zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq sülh, imkan və ümid yarada bilər. ABŞ bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.
Maraqlıdır, Kişinyov görüşündə hansısa müqavilə imzalana bilər, yoxsa o da Moskva görüşü kimi nəticəsiz bitəcək?
Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, Kişinyovdakı görüşün əsas hədəflərindən biri mövqeləri daha da yaxınlaşdırmağın mümkün olmasından ibarətdir:
“Çünki sülh müqaviləsinə qədər xeyli məsafə var. Xüsusilə, fundamental, sərhəd və Qarabağla bağlı razılaşdırılmamış çox ciddi məsələlər var. Bu cür problemlər durduqca Kişinyovda hansısa sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Kişinyovda hər hansısa ciddi bir nəticənin olacağını gözləmirəm.
Bunun üçün ciddi bir ehtimal və razılaşdırılmış sənəd də ortada yoxdur. Həmçinin, razılaşdırılmayan məsələlər ciddi olduğu üçün bunu hər hansısa görüşlə və ya dörd xristian dövlətinin Azərbaycana qarşı birgə duruşu ilə həll etmək mümkün olmayacaq. Burada əsas məqsəd Avropanın əsas aparıcı dövlətləri olan Fransa və Almaniyanın zəmanəti ilə müəyyən məsələlərdə yaxınlaşmanı təmin etməkdir”.
Ekspertin fikrincə, burada da bir məqam var:
“Bəzən Azərbaycan siyasətşünasları Almaniyanı Fransa üçün balanlaşdırıcı güc olaraq dəyərləndirirlər. Ancaq bunun yanlış olduğunu düşünürəm. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünə qədər dördlü bir format mövcud idi. Ora Almaniya, Fransa, Rusiya və Ukrayna daxil idi.
Lakin heç bir nəticə olmadı. Əslində, Almaniya Rusiyanın indiyə qədər bütün təcavüzkar addımlarına yol açan yeganə dövlət kimi çıxış edir. Sabiq kansler Angela Merkelin riyakar siyasət və yalnız Almaniyanın mənafeyinə uyğun davranışları Ukraynada müharibəyə gətirib çıxardı. Bu gün də Almaniyada dəyişən heç nə yoxdur”.
Politoloq hesab edir ki, Almaniyanın proseslərə daxil olmasının müsbət nəticə verməyəcək:
“Düşünürlər ki, guya Almaniya Azərbaycanın ədalətli siyasətini dəstəkləyə bilər. Amma bu doğru deyil. Axı nəyə görə yalnız xristian dövlətlərinin iştirakı ilə belə bir görüş keçirilir? 200 nəfərlik mülki müşahidə missiyasının Ermənistanda yerləşməsin baxmayaraq bu gün nə Almaniya, nə də Fransa ciddi mənada regionda mövcuddur.
Ancaq Türkiyə birbaşa Qarabağda bu problemin içindədir və Rusiya ilə birgə monitorinq missiyası həyata keçirir. Belə olan halda sual yaranır. Necə olur ki, həm təsir imkanları daha ciddi olan, həm də Azərbaycanla hərbi-siyasi mütəffiqliyi olan Türkiyə balanslaşdırıcı güc olaraq bu görüşdə iştirak etmir? Amma tərəf olaraq çıxış edən Fransanın ardından Almaniya da bu prosesdə iştirak edir. Belə olduğu təqdirdə, o görüşdə Azərbaycanın mənafeyinə uyğun normal sülh mətninin çıxmasını necə düşünmək olar? Ona görə də belə görüşlərdən heç bir gözləntim yoxdur.
Ola bilsin ki, sərhədlərlə, kommunikasiyalarla bağlı məsələlər müzakirə olunsun. Həmçinin, Qarabağda yaşayan erməni icması ilə Azərbaycan dövlətinin artıq dialoqa başlması ilə bağlı hansısa fikirlər səsləndirilə və bəyanata salına bilər. Ancaq bundan artığını gözləmirəm”.
Natiq Miri vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması üçün Qarabağdakı erməni terrorçular ərazini tərk etməlidirlər:
“Ermənilər tərəfindən Azərbaycanın təslim olmaq barədə təklifləri qəbul edilmədi və hətta yeni müharibəyə hazırlaşdıqları ilə bağlı bəyanatlar eşidirik. Təbii ki, bütün bunlar Rusiyanın diqtəsi ilə baş verir. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın 4-cü bəndi dərhal yerinə yetirilməli və erməni terrorçuları Qarabağı tərk etməlidirlər. Bunlar olmadıqdca, irəliyə doğru addım atmaq olmayacaq. Ona görə sərhəd keçid-məntəqəsini yaratdığımız kimi, yeni hərbi-siyasi hadisənin baş verməsinə ehtiyac var”.