“Ərdoğan Ukrayna və Rusiyanı atəşkəsə sövq edə bilər” – Dünyanın Türkiyə Prezidentindən gözləntiləri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də prezident seçkisinin ikinci turunda 52 faizdən çox, rəqibi Kamal Kılıcdaroğlu isə 48 faizə yaxın səs yığıb.

“The Associated Press” agentliyi yazır ki, Ərdoğan inflyasiya ilə mübarizə aparmalı, 50 min nəfərin həyatına son qoymuş zəlzələ zonasında bərpa işlərinə başçılıq etməlidir. Ərdoğan növbəti prezidentlik dönəmində NATO-nun digər üzvləri ilə birlikdə alyansın gələcəyi, eləcə də Ukraynadakı müharibəylə bağlı vacib qərarlar verəcək.

Agentlik qeyd edir ki, bu arada qərb liderlərinin təbrikləri də Türkiyənin və Ərdoğanın qlobal siyasətdə artan rolunu göstərir. Qərb siyasətçiləri illərlə davam edən, bəzən gərginləşən münasibətlərə baxmayaraq, Ərdoğanla işləməyə hazır olduqlarını bildiriblər.

İsveçin NATO-ya üzvlük niyyətinin açarı Türkiyənin əlindədir. Hərbi alyans Rusiyaya qarşı güclənməyə çalışır. Ukraynadan taxıl ixracını davam etdirməklə qlobal ərzaq böhranını qarşısının alınması da əsas məsələlər sayılır.

Vaşinqtonda yerləşən Xarici Əlaqələr Şurasının aparıcı əməkdaşı Stiven A. Kuk agentliyə düşünür ki, Türkiyə İsveçin NATO-ya üzvlük yolunu aça bilər. Təhlilçi qeyd edib ki, yeni konstitusiya haqda danışan Ərdoğan mühafizəkar Ədalət və İnkişaf Partiyasının (AKP) qəbul etdiyi dəyişikliklərin gerçəkləşdirilməsinə çalışacaq.

Ərdoğan qələbə çıxışında qeyd edib ki, zəlzələnin ziyan vurduğu şəhərlərin yenidən qurulması onun prioriteti olacaq. Prezident onu da deyib ki, bir milyon suriyalı qaçqın Suriyada Türkiyənin nəzarətində olan təhlükəsiz zonalara qaytarılacaq. Bu, Qətərlə birlikdə həyata keçirilən yerləşdirmə layihəsi çərçivəsində aparılacaq.

Ərdoğan əsasən mühafizəkar seçicilərin dəstəyini qazanıb. Onlar onu Türkiyənin İslam profilini, eləcə də beynəlxalq siyasətdə ölkənin nüfuzunu yüksəltməsinə görə sevirlər.

Atlantik Şurasının (Atlantic Council) Türkiyə üzrə baş direktoru Defne Arslan “Röyter” agentliyinə deyib ki, Ərdoğanın qələbəsi, eləcə də onu dəstəkləyən partiyaların parlamentdə çoxluğa sahiblənməsi o deməkdir ki, Türkiyə siyasi sabitlik dövrünə qədəm qoyur.

Qurumun aparıcı əməkdaşı Yevgeniya Gaberin sözlərinə görə, Ərdoğan Rusiyanın Ukraynaya qarşı işğalında balanslı mövqeyi dəyişməyəcək, Moskvayla iqtisadi əməkdaşlığı, ticarəti inkişaf etdirəcək, Kiyevə isə özünümüdafiədə dəstək verəcək. Ancaq hakimiyyətini möhkəmləndirmiş Ərdoğan “bu dəfə daha sərt oynaya bilər”, yəni, Ukraynadan taxıl ixracı üçün Rusiyanı daha çox danışığa cəlb edə, hətta tərəfləri atəşkəsə sövq edə bilər.

Yevgeniya deyir ki, Rusiya Türkiyənin iqtisadi tərəfdaşları arasında qalacaq, çünki Ankara özünün azalan mərkəzi bank ehtiyatlarını doldurmağa çalışır. Ərdoğanın seçki kampaniyasının əsas mesajı da belə olub ki, Türkiyənin Rusiyaya münasibətləri Birləşmiş Ştatlarla olandan az əhəmiyyətli deyil.

Atlantik Şurasının daha bir aparıcı əməkdaşı Riç Autzen qeyd edir ki, Ankara Türkiyə ilə sərhəddə yerləşən terror təşkilatlarına – PKK və ona bağlı YPG-ni tam məhv etmək, Suriyaya xeyli sayda qaçqını qaytarmaq istəyir. Riç bu il, yaxud gələn il YPG-yə qarşı yeni hərbi əməliyyatı istisna etmir.   /AzPolitika.info/