Sabah sülh sazişi imzalanır: Kişinyovda 200 illik savaşa rəsmən son qoyula bilər

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli Zirvə görüşü nəticəsiz qaldı. Tərəflər arasında sülhə dair bir saziş imzalanmadı.

Moskva görüşünün nəticəsiz olması öz növbəsində diqqətləri iyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək görüşə yönəltdi. Kişinyovda Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması ehtimal edilir. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da ötən gün bu istiqamətdə müsbət açıqlama verdi.

Maraqlıdır, nəzərə alsaq ki, Kişinyov sammitində imzalanacaq sülhün müəllifləri Qərbin aparıcı ölkələridir, Rusiyanın buna reaksiyası necə olar? Rusiyanın prosesdən kənarda qalması hansı fəsadlara səbəb ola bilər? Sülh sazişinin kollektiv Qərbin təşəbbüsləri ilə imzalanması Rusiyanın Cənubi Qafqazdan çıxması demək olacaq?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, sülh sazişinin əsas detalları Vaşinqton və Brüssel görüşlərində müəyyənləşib:

Qabil Hüseynli

“Sülh müqaviləsi mətninin 60 faizi artıq hazırdır. Qeyd etdiyim görüşlər zamanı həm xarici işlər nazirləri, həm də ölkə başçıları səviyyəsində razılığa gəlinən məqamlar var. Bunlardan ən önəmlisi Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağ daxil olmaqla qəbul etməsidir. Bu, sülhün önündə ən böyük əngəl idi. Hesab edirəm bundan sonra proses daha da sürətlənəcək.

O ki qaldı Kişinyov görüşünə, bu görüşdə sülh sazişinin imzalanması mümkündür. Ümumiyyətlə təcrübə göstərir ki, Avropada keçirilən görüşlər Rusiyada keçiriləndən daha konstruktiv və nəticəli olur. Bu həm də onunla bağlıdır ki, Qərb sülhün imzalanmasını istədiyi halda, Kreml buna ciddi şəkildə maneə olur.

Hörmətli səfirimiz Leyla xanımın da dediklərindən bu qənaətə gəlmək olar ki, Kişinyovda mühüm nailiyyət əldə ediləcək”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, İlham Əliyevlə Nikol Paşinyan ilkin şifahi razılaşmanı Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə əldə edib:

“Nikol Paşinyan xüsusilə iyunun 1-də Kişinyovda keçiriləcək görüşə ümid edir. Avropa Siyasi Şurasının Moldovanın paytaxtında keçiriləcək toplantısında İlham Əliyev-Nikol Paşinyan-Şarl Mişel görüşündə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da iştirak edəcəklər.

Paşinyanın Rusiyaya inamı yoxdur. O, Makronun iştirak etdiyi format çərçivəsində saziş imzalamaq istəyir. Azərbaycan isə Makronsuz Brüssel formatı çərçivəsində sazişə üstünlük verir. Ancaq əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atmağa hazırdırsa, məkanın və iştirakçıların xüsusi əhəmiyyəti yoxdur”.

 


Mənbə