Xəbər verdiyimiz kimi, qanunsuz balıq ovu ilə məşğul olaraq təbiətə 1000 manatdan artıq ziyan vuran şəxs saxlanılıb. Saxlanılan şəxsin Salyan rayonu Şəkərli kənd sakini Məmməd Abbasov olduğu təsdiqlənib.
Məlumata görə, brakonyerdən bir ədəd taxta qayıq, uzunluğu 17 metrdən artıq olan sintetik tor və qanunsuz olaraq ovlanmış 31 ədəd balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1023 manat miqdarında zərər vurması müəyyən edilib.
Məsələ ilə bağlı “Çöl adamı” proqramının aparıcısı, ovçu Kamal Dəniz təsdiqləyib ki, Azərbaycanda sintetik torların istifadəsi qadağandır:
“Amma bəzi brakonyerlər bu yoldan əl çəkmir. Onu da deyim ki, sintetik torları suya atandan bir müddət sonra onlar bir-birinə dolaşır. Elə balıqçı üçün də onu təzədən açmaq, yığmaq və s. mümkünsüzdür deyə gedib təzəsini alır.
Sosial şəbəkələrdə 1023 manat cərimə ilə bağlı deyirlər ki, oradakı balıqların qiyməti heç o qədər etmir. Doğrudur, o balıqların birini bazarda 5-10 manata sata bilərsən, amma burada məsələ fərqlidir. Nazirlik bəyan etmişdi ki, mayın 1-dən etibarən, balıqların kürüləmə dövrüdür deyə ölkə ərazisində balıq tutmaq qadağandır. Bəzi brakonyerlər də bu tələbə uymurlar. Hələ mənə neçə yerdən videolar da atıblar. Bir görsəniz, nə hoqqadan çıxırlar? Hələ bu, nədir ki?”
K. Dənizə görə, əgər sintetik yox, digər bir tor olsaydı, onda bu adam bu qədər cərimələnməyəcəkdi:
“Sadəcə burada sintetik tor və balıqların kürüləmə dövrü məsələsi var. Xatırladım ki, mart ayında mən balıqların kürüləməsi ilə bağlı çəkiliş aparmışdım. Dişi balıqlar, əsasən, ilin bu dönəmlərində su kənarı yerlərdə kürüləyirlər. Daha sonra erkək balıq gəlib onu südləyir. Bu zamanlarda suyun axarı da eyni olmalıdır. Ona görə də nazirlik tərəfindən verilən cəzanı normal qiymətləndirirəm”.
“Mən olanı deyirəm. Daim çəkilişlər edirəm. Mən nazirliyi də qınamıram, çünki böyük bir su hövzəsinə 3-4 inspektorun nəzarət etməsi mümkündür. Onların sürətli qayıqları, maşınları olmalıdır ki, brakonyerlərlə mübarizə aparsın.
Sintetik torla qayığın varsa, sən həvəskar balıqçı yox, brakonyersən. Doğrusunu demək lazımdır. Mən heç o qardaşı da tanımıram. Amma cərimə haqlıdır”, – o, yekunlaşdırıb. /yenisabah.az/