Bu ilin sonuna kimi sülh müqaviləsi imzalanacaqmı?-RƏY SORĞUSU

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibət mövzusunda keçirdiyi rəy sorğuları çərçivəsində növbəti dəfə vətəndaşlara “Sizcə, bu ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq?” sualını ünvanlayıb.

Rəy sorğusunun nəticələrinə əsasən, sorğuda iştirak edən vətəndaşların təqribən yarıya yaxını – 42,7%-i bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağını bildirib.

39,1% respondent əks mövqedə qərarlaşaraq sülh müqaviləsinin 2023-cü ilin sonuna kimi imzalanacağını düşünmür. Göründüyü kimi, Ermənistanın sülh müqaviləsinin imzalanmasına hazır olmaması və bu fonda sülh prosesinə kənar dövlətləri daxil etməklə fərqli “sülh” formatına nail olmaq cəhdləri və qeyri-konstruktiv siyasi davranışları Azərbaycan ictimai rəyinə təsirsiz ötüşməyib.

Sorğuda iştirak edənlərin 18,2%-i bu sualla bağlı məlumatı olmadığından fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

 

Source link