Vətəndaşlardan xaricdən sifariş edilən malların daşınması ilə bağlı əlavə ödənişlərin də “Smart Customs”a daxil edilməsi tələb olunacağı iddia edilir.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılır.
Bununla da əhali xaricdən daşıma ilə bağlı “Smart Customs”da malı bəyan edərkən onun gömrük dəyərini artırmaq üçün yol xərcini yüksək göstərməlidir.
İqtisadçı ekspert Xalid Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, əslində bu addım qanunun tam tətbiqidir:
“Gömrük dəyəri müəyyənləşdirilərkən tək malın alış qiyməti nəzərdə tutulmur. Eyni zamanda, daşınma xərcləri də əlavə edilir. Sahibkarlar indiyə kimi malı gətirən zaman daşınma xərcini ödəyirdilər. Vətəndaşlar kuryerlə malları gətizdirəndə həmin xərclər nəzərə alınmayıb. Malın gömrük dəyəri tək alış qiyməti deyil, həm də daşıma xərci daxildir. Burada artıq qanun tam tətbiqindən söhbət gedir”.
O qeyd edib ki, malın daşınma xərci təxminən onun dəyərinin 5-10 faizini təşkil edir:
“300 dollarlıq vergisiz limit var. Daşınma xərcləri də gömrük dəyərinə əlavə edilib, hesablananda vətəndaşların gömrük və rüsumsuz imkanları azalacaq. Məsələn, vətəndaş ayda 300 dollara üç mal gətirə bilirdisə, indi həmin tərkibdə daha az dəyərli mal gətirə biləcəksiniz. Alış imkanları məhdudlaşacaq”.
Məsələ barədə Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq.
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məsələ barədə məlumat veriləcək deyilsə də, heç bir cavab olmadı.
İlhamə Əbülfət