Gənclərin peşə seçiminə və inkişafına dair tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən Azərbaycan Texniki Universitetində “Networking” (şəbəkələşmə) tədbiri baş tutub.

Tədbirin əsas məqsədi “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən təşkil “İT Academy” və “Code For Future” məzunları və bu peşəyə yiyələnmək istəyən gənclər arasında şəbəkə yaratmaq, tələbələrin peşə seçiminə və onların bu sahədə inkişafına dəstək olmaq və ölkəmizdə İT sahəsinin inkişafına töhvə verməkdir.

Belə ki, tədbirin açılışını “Alqoritmika” Azərbaycanın işə qəbul üzrə layihə meneceri Səmayə Mərdanova edib. S.Mərdanova çıxışında tələbələrə tədbirin mahiyyəti barədə geniş məlumat verib.

Daha sonra isə tədbir, Alqoritmika Azərbaycanın “İT Academy” və “Code For Future” layihələrində təhsil almış və hazırda Paşa Pay şirkətində təcrübə keçən məzunlarının əldə etdikləri təcrübə, onların hazırki iş fəaliyyəti barəsində ilkin təcrübələri barədə çıxışları ilə davam edib.

Tədbirin növbəti hissəsində Karyera üzrə mentor kimi tanınmış mütəxəssis Mikayıl Tağıyevin karyera zamanlaması adlı təqdimatı tələbələr tərəfindən maraqla qarşılanıb. Təqdimatın sonunda M.Tağıyev tələbərin suallarını cavablandırıb. Sonda isə tədbirdə iştirak edən qonaqlar və məzunlar arasında sual-cavab, tanışlıq və şəbəkə platforması təşkil olunub.