Xaçmaz və Yevlax KOB evlərində sahibkarlar üçün yeni xidmətlər – FOTO

Xaçmaz və Yevlax KOB evlərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sahibkarlıq subyektlərinə xidmətlərin göstərilməsinə başlanılıb.

Bu barədə KOBİA məlumat yayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sahibkarlıq subyektlərinə Xaçmaz və Yevlax KOB evlərində də xidmətlər göstəriləcək. AYNA tərəfindən Xaçmaz və Yevlax KOB evlərində iriqabaritli yüklərin daşınması üçün icazələr, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsinə başlanılıb.

Həmçinin, Yevlax və Xaçmaz şəhərlərində daşıyıcılar “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı”nı təqdim edərək “İcazə” blanklarını müvafiq KOB evlərində AYNA-nın əməkdaşlarından təhvil ala bilərlər. Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı” da KOB evlərində təqdim olunur.

Qeyd edək ki, AYNA tərəfindən “Bakı KOB evi”ndə də sahibkarlara xidmətlər göstərilir.