Düşünülmüş siyasət həm də tarixdən ibrət dərsi götürməkdir

Mütəmadi olaraq Rusiyanın Ukraynadakı itkiləri haqqında statistika ilə tanış oluruq. Son məlumatlara görə, Rusiyanın Ukraynadakı itkiləri 197 mini ötüb. Görəsən, 150 milyona yaxın ölkə əhalisi, ümumilikdə rus elitası bunun hesabını öz rəhbərliyindən soruşurmu. Hadisələri analiz edən, intellektli rus cəmiyyətinin nümayəndələri rəhbərindən soruşurmu ki, bizim Ukrayna ərazisində nə işimiz var? Niyə biz Ukrayna ərazisində həlak olmalıyıq? Təbii ki, zaman gələcək bu suallar ünvanına veriləcək. Görünür, o vaxta qədər belə statistik rəqəmlər tez-tez qarşımıza çıxacaq.

Dərindən təhlil edəndə bu qənaətə gəlmək olar ki, Rusiya imperiyasının idaəetmə fəlsəfəsində, mahiyyətində sivil dünya ilə uyğun gəlməyən iddialar durur. Məhz bu məkrli iddialardır ki, Qarabağda, Osetyada, Abxaziyada və digər məkanlarda separtizmin dirçəlməsi nəticəsində uzun illərdir ki, münaqişə ocağı yaranmışdı. Alovlanan bu ocaqlar bir təzyiq, təhdid vasitəsinə çevrilmişdi. Təəssüf ki, bu gündə bu proses davam edir.

Amma bu gün dünyada və regionda vəziyyət dəyişib. Xeyirlə şərin mübarizəsində ədalətin qalib gəlməsi üçün çox tarixi şanslar yaranır. Nəhayət dünyanın ədalət tərəzisinin bərqərar olacağı gün kimi aydındır.

Yəqin gələcəkdə Rusiyanı idarə edəcək siyasi elita öz sələflərinin tarixi səhvlərindən nəticə çıxaracaqlar. Düşünülmüş siyasət həm də tarixdən ibrət dərsi götürməkdir. Öz keçmişindən ibrət dərsi götürməyənlərə isə həbsxana qucaq açacaq.

Əkrəm Bəydəmirli