Dünyanın yeni siyasi-iqtisadi arxitekturasının formalaşmasında Türk Dövlətləri Təşkilatının əhəmiyyəti, rolu getdikcə artmaqdadır. Bu gəlişigözəl ifadə deyil. Dünyada gedən proseslərə, mövcud reallıqlara nəzər salanda bu qənaətə gəlmək olar ki, Türk Dövlətləri öz potensialını düzgün qiymətləndirərək geniş bir miqyasda həm siyasi-iqtisadi, həm də təhlükəsizlik məsələlərində əhəmiyyətli güc faktoruna çevrilmək şansları var. Bunu mövcud şərait və digər faktorlar ortalığa çıxarır.
Bir məqamı xüsusilə qeyd etməliyəm. Ötən əsrin 70-80-ci illərində türkdilli ölkələrin nə zamansa müstəqil olacaqlarını heç kim ağlına gətirmirdi.
Hətta müstəqillik ideyasını kimsə ciddi qəbul edə bilməzdi. Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır. Bu gün isə geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Hətta Türk Dövlətlər Təşkilatının hədəfləri böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda Türk Dövlətləri Təşkilatının hədəflərihaqqında maraqlı məqamlara toxunub. Dövlət başçısı bəyan edib ki, “Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək, hər kəs bundan faydalanar. Bizim geniş coğrafiyamız, bəzi ölkələrdə böyük təbii sərvətlər, bəzi ölkələrin güclü hərbi imkanları var. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır”.
Əslində proses o istiqamətdə gedir ki, bu qlobal güc mərkəzi öz hədəflərini müəyyən edib. Çox müsbət haldır ki, bu güç mərkəzi heç bir topluma, ölkəyə qarşı çevrilmiş ittifaq deyil. Türkiyənin və Azərbaycanın böyük dəstəyi ilə formalaşan bu birlik inkişafa, sabitliyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığın dərinləşməsinə hədəflənir.
Digər tərəfdən bu gün Rusiya və Çin daxil olmaqla bir çox dövlətlərin ərazisində yaşayan etnik türklər var. Böyük ehtimalla onlarında gələcəkdə bu qlobal güc mərkəzindən faydalanması realdır. Həmçinin heç bir xristian topluma, ölkəyə qarşı çevrilməyən bu modern əməkdaşlıq hamıya açıqdır. Mövcud təcrübədən, strateji layihələrdən digər qeyri türkdilli ölkələrin faydalanması da mümkündür.
Əkrəm Bəydəmirli