Nizamlanma prosesinin irəliləməsi üçün atılan addımlar

Şuşadakı beynəlxalq konfransdakı çıxışından bir daha göründü ki, Prezident İlham Əliyev müasir dünya problemlərini bilən və onların həllinə dair real və konkret təkliflər verən strateqdir

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan rəsmiləri digər illərə nisbətən, daha çox görüşlər keçrirlər. Bu görüşlərdə Rusiya və ABŞ, eləcə də Avropa Şurası əsasən vasitəçilik edirlər. Son olaraq ABŞ-da iki ölkənin xarici işlər nazirlərinin görüşləri nizamlanma prosesinin irəliləməsi üçün atılan addım kimi qeyd etmək olar. Yəni Ermənistan-Azərbaycan münasibətlərinin nizalanma porosesi yenə də fəal fazadadır. Bu məsələnin beynəlxalq təşkilatlarda da müzakirə olunması bir növ canlanma yaradıb. Məhz, bu fazada artıq hər iki tərəf sülh üçün öz təkliflərini verməlidir. Azərbaycan tərəfindən bir neçə istiqamətlərdə təkliflər verilib. Belə ki, Azərbaycan sülh əldə olunması ücün Ermənistana 5 baza prinsipini təklif edib. Bundan başqa Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinin reinteqrasiya məsələsi gündəmdir.   Bunun üçün keçirilən görüşlərdə məqsəd Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirə etməkdir. Bununla bağlı yenə də Azərbaycan tərəfindən Xoçalıda keçilmiş görüşün davamı olaraq növbəti görüşün Bakıda Qarabağın erməni ictimaiyyətinin nümayəndələri edilməsi təklif edilib. Lakin hələ ki, onlardan müsbət cavab alınmayıb. Hətta bu azmış kimi, Ermənistan tərəfindən son zamanlar separatçılıq meyilləri müşahidə olunmaqdadır. Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışında Prezident İlham Əliyev bu məsələyə də xüsusu toxunub: “ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, mövcud məsələdə ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”.

Cənab Prezident xatırladıb ki, əgər rəsmi İrəvan konstruktiv olmasa, Azərbaycan diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır: “Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Ermənistan yenə də təcrid olunacaq”.

Xatırladaq 44 günlük Vətən müharibəsinə kimi Ermənistan-Azərbaycan Qarabağ münaqişənin həlli ilə bilavasitə məşğul olan dövlətlər, beynəlxalq təşkilatlar sanki bu problemin həllini məqsədli şəkildə uzadırdılar. Baxmaaraq ki, onlar münaqişənin həlinin vaxtının yetişdiyini daha tez-tez söyləyirdilər, amma bunun üçün real addım atmırdılar. Məsələn, ATƏT bir beynəlxalq təşkilat kimi nəticədən asılı olmayaraq fəaliyyətini davam etdirməyə çalışırdı. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri isə ilk növbədə bölgədəki maraqlarını reallaşdırmağı qarşılarına məqsəd qoymuşdular. Digər tərəfdən, Ermənistan qeyri-konstruktiv mövqeyini müxtəlif pərdələr altında qoruyub saxlayırdı. Belə bir zamanda, Azərbaycanda bütün potensialını işə salaraq ərazi bütövlüyünü bərpa etmək istəyirdi. Və Ali Baş Komandanın rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi də.

Bu gün Türkiyənin Cənubi Qafqazda sülhyaratma missiyası çərçivəsində atdığı addımları da xüsusi qeyd etməliyik. Türkiyənin xüsusi fəallığı nəticəsində problemin həlli istiqamətində müsbət nəticələr əldə olunub. Vətən müharibəsi günlərində Türkiyənin Azərbaycana mənəvi dəstəyi həm dövlətimiz, həm də xalqımız tərəfindən böyük qürurla qarşılandı. Hazırda iki dost və qardaş ölkə dünyaya birlik və həməylik nümunəsinə çevrilib. Müharibədən sonra Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə olaraq qeyd olunur. Konfarsda Prezident İlham Əliyev bu haqda da danışaraq Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq elan etdiyini vurğulayıb: “Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib”.

Prezident İlham Əliyevin 2001-2023-cü illərdəki qətiyyətli diplomatik fəaliyyəti ciddi nailiyyətlərlə zəngin olub. Cənab İlham Əliyevin timsalında kiçik bir ölkənin başçsının qazandığı uğurları istənilən siyasətçi arzu edə bilər. Hətta bir çox ölkələrin liderləri bunu beynəlxalq tribunalarda etiraf belə, edirlər. Şuşadakı konfransdakı çıxışından bir daha göründü ki, dövlətimizin başçısı müasir dünya problemlərini bilən və onların həllinə dair real və konkret təkliflər verən strateqdir.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent