“İstər orta məktəblərdə, istərsə də ali məktəblərdə, digər təhsil müəssisələrində xoşagəlməz hadisələrin sayı artıb. Amma bunların qarşısının alınması üçün heç bir ciddi tədbir görülmür, təhsil müəssisələrinin rəhbərlərinin baş verən hadisələrə münasibəti çox vaxt adekvat olmur”.
Bu fikirləri Bakupost.az -a təhsil eksperti Nadir İsrafilov deyib.
Onun fikrincə, şagirdlərin zərərli vərdişləri, cinayət aləminə meyilliliyi gələcək üçün böyük problemlər vəd edir:
“Bir müddət əvvəl universitetlərimizin sabiq rektorlarından birinin imtahanda tələbələrin hiyləyə əl atması ilə bağlı yayılan məlumatlara sərt reaksiyası yəqin, çoxlarının yadınddır: “Səhər tezdən zəng vurub deyirsiz ki, uşaqlar “şparqalka”dan istifadə edib. Böyük iş olub elə bil. İmtahanda uşaq “şparqalka”dan da istifadə edər, çıxış üçün yüz dənə yol da tapar. Nə olsun? Siz oxuyanda “şparqalka”dan istifadə etməmisiniz? Özünüzdən əfsanə düzəltməyin”.
Deyək ki, “şparqalka” hardasa başa düşülən idi. Bəs, indi imtahana gələn bəzi abituriyentlərin üzərində bıçaq,kəsici-deşici vasitələrin, kimyəvi tərkibli zərərli maddələrin və s. olması nə deməkdir? Vəzifə təkcə “şparqalka”ların müəyyən edilməsi və aradan qaldırılmasından ibarətdir? Yeniyetmə və gənclərimizin bu kimi əməllərinə məsuliyyəti təkcə Dövlət İmtahan Mərkəzi daşıyır? Bunun səbəblərini araşdıran və qarşısını almaq üçün konkret bir təklif verən olubmu? Elə bir müddət əvvəl iki universitetimizdə Novruz bayramı tədbirində tələbələrin kriminal avtoritetə həsr olunmuş mahnını oxuyaraq oynamaları sosial şəbəkələrdə yayılıb. Hətta, bunu “Zet nəslindən ZEK nəslinə keçid” kimi qiymətləndirənlər də olub. Onların “oğru dünyası”na meyl etməsi açıq aşkar görünür. Gözləmək olardı ki, təşkilatçı və ya təşkilatçılar tezliklə üzə çıxarılacaqlar. Təəssüf ki, hər hansı bir profilaktik tədbirin həyata keçirilməsinin belə şahidi olmadıq”.
N.İsrafilov hesab edir ki, bu hallara qarşı cəmiyyət səfərbər olmalıdır:“Qərbdən transfer olunan “Nəsillər nəzəriyyəsi”nə bizdə də maraq göstərənlərin sayında artım müşahidə olunur. Onlar, nəsillərin “alfa”, “beta”, “Z (zet)” kimi bölgüsünü aparır, nəsilləri xarakter və xüsusiyyətlərinə görə bölür. Bunlardan hansınasa üstünlük verib bəraət qazandırırlar. Qloballaşmanın, milli kimlikdən uzaqlaşmanın fəsadlarına qarşı yeniyetmə və gənclərə nəsil-nəcabəti qorumaq kimi hisslərin aşılanması, nəinki məktəblərin, universitetlərin, KİV-lərin, TV-lərin vəzifəsidir, bu milli mənsubiyyəti olan hər kəsin mənəvi borcudur. Elə çıxmasın ki, gənclər bizim gələcəyimizdir deyək, ancaq bu kimi gənclərlə hara gedəcəyimizin elə də fərqində olmayaq…”