Son bir neçə ildə Elm və Təhsil Nazirliyinin tikinti və təchizatla bağlı işlərinin böyük hissəsi “Simplex” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edilir. Nazirliyin rəsmi saytında və rəsmi açıqlamalarında tenderlərlə bağlı heç bir informasiya olmasa da, “Simplex” Qapalı Səhmdar Cəmiyyətinin məlumatlarlında onun Elm və Təhsil Nazirliyinin tikinti və təchizatla bağlı tenderləri həyata keçirməsi haqda məlumatlar var. Adıçəkilən şirkət nazirliyi dəftərxana, təsarrüfat malları, maşın və avadanlıqlar, idman inventarları, mebellər, geyimlər və bilmədiyimiz bir çox mallarla təchiz edir.
DÜNYAXEBER.ORG Sfera.az-a istinadla xəbər verir ki, “Simplex” QSC bu xidmətləri göstərmək üçün nazirliyin təşkil etdiyi çoxsaylı tenderin qalibi olub. Rəsmi şəkildə keçirilən və açıqlanan tenderlərlə yanaşı, şirkət çoxlu sayda qapalı şəkildə aparılan tenderlərdə də qalib gələrək nazirliyin köməkliyi ilə dövlət büdcəsindən böyük məbləğdə vəsait əldə edə bilib. 2020-ci ildən başlayaraq “Simplex” QSC nazirliyin dəftərxana, təsarrüfat malları, maşın və avadanlıqlar, idman inventarları, mebellər, xüsusi geyimlər ilə təchizatda əsas xidmətçisinə çevrilib.
Elektron satınalma portalında yerləşdirilən tender məlumatlarından görünür ki, “Simplex” QSC xüsusən dəftərxana və təsarrüfat malları ilə təminat sahəsində monopolist mövqeyə yiyələnib. Hər il Elm və Təhsil Nazirliyi şirkətə müvafiq xidmətlərin göstərilməsi üçün milyonlarla manat dəyərində vəsait köçürür.
Elektron satınalma portalının məlumatına əsasən, “Simplex” QSC Elm və Təhsil Nazirliyi ilə 2019-cu ildə 4,365 milyon manatlıq müqavilə bağlayıb. Həmin müqavilələr üzrə şirkət nazirliyə dəftərxana və təsərrüfat malları satıb.
2020-ci ildə bağlanan müqavilələrin dəyəri 10,8 milyon manata yüksəlib və yenə də dəftərxana və təsərrüfat malları ilə təminat əsas xidmətlər olub.
2021-ci ildə bağlanan müqavilələrin həcmi kəskin artıb. Elektron satınalma portalında göstərilir ki, Elm və Təhsil Nazirliyi “Simplex” QSC ilə 6,5 milyon manatlıq yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması, 146,486 milyon manatlıq idman inventarının və digər avadanlıqların satın alınması, həmçinin 241,673 milyon manatlıq “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması üzrə 3 müqavilə bağlayıb. Bu müqavilələrin ümumi dəyəri 395 milyon manat təşkil edib.
2022-ci ildə şirkətlə nazirlik daha bir neçə satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrin dəyəri 17,627 milyon manat (dəftərxana və təsərrüfat mallarının satın alınması), 12,427 milyon manat (digər malların alınması xərc maddəsi üzrə malların satın alınması) və 6,785 milyon manatlıq (Ümumtəhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması) olmaqla ümumilikdə 37 milyon manat təşkil edib.
Şirkətin nazirliklə əməkdaşlığı sadəcə satınalma portalında göstərilən müqavilələrdən ibarət deyil. “Simplex” QSC-nin rəsmi saytında yerləşdirilən məlumatlardan aydın olur ki, özəl şirkətlə nazirlik arasında işbirliyi daha genişdir.
Şirkət topdansatış fəaliyyəti və maddi-texniki təchizatla yanaşı, korporativ tədbirlərin təşkili və keçirilməsi, informasiya kommunikasiya texnologiyaları üzrə xidmətlər, təchizat sahəsində konsaltinq işi kimi daha çox xidmətlər göstərib.
Qeyd edək ki, “Simplex” QSC (VÖEN 2601600121) 2015-ci ilin iyunun 4-də yaradılıb. Özəl şirkət Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, Ev 102a, Sity Point ünvanında qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Fətullayev Elmir Tofiq oğludur. Şirkətə faktiki rəhbərliyin isə Seymur İsmayılov adlı şəxsin rəhbərlik etdiyinə dair məlumatlar var. S.İsmayılov bir neçə il bundan öncəyə qədər təhsil nazirinin müşaviri olub, işdən azad edildikdən sonra nazirliyi monopoliyaya götürüb.
Belə görünür ki, Elm və Təhsil Nazirliyi öz təchizatı ilə məşğul olmağa səriştəsi çatmır və onun bütün təchizat işlərini bir şirkət həyata keçirir. Faktiki olaraq “Rədd olsun monopoliyalar” devizi altında “Simplex” QSC timsalında yeni bir monopolist şirkət yaradılıb.
Eyni şirkət təhsil nazirliyinin bütün tenderlərini udur, məktəbləri zəruri avadanlıqlarla təmin edir və böyük gəlir əldə edir.