Sülh və mənəviyyat bayramı

Prezident İlham Əliyev: “Bütün Azərbaycan xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram!”  

 

Novruz bayramı xalqımızın ən qədim və xoş əhvali-ruhiyyə ilə qeyd etdiyi bayramlarından biridir. Məhz, xalqımıza xas olan folklorumuzu, adət-ənənələrimizi Novruz bayarmı əsrlər boyu öz qoynunda bəsləyərək nəsillərdən-nəsillərə ötürmüşdür. Ulu Öndər Heydər Əliyev Novruz bayramını Azərbaycan xalqı üçün milli və mənəvi dəyər kimi təsvir edirdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Novruz Azərbaycanın və Azərbaycan xalqının əsas və sevimli bayramlarından biridir. Hər il Norvuz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti xalqmızı, ümumiyyətlə dünya azərbaycanlılarınıı təbrik edir. Martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını növbəti dəfə təbrik edib: “İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram!”

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs siyahısına salınmışdır.

Yazın gəlişini, təbiətin oyanışını, insanla onu əhatə edən aləm arasında ayrılmaz əlaqəni təcəssüm etdirən Novruz yaz bərabərliyi bayramıdır. Bu gün Novruz bayramı bütün dünya azərbaycanlıları tərəfindən qeyd olunur. Xaricdəki soyadaşlarımız da milli adət-ənələrimizə sadiq qalaraq Novruz bayarmı ilə əlqədar tədbirlər keçirir, eyni zamanda bu bayram adı altında milli-mənəvi dəyərlərimizi yaşadıqları ölkələrdə təbliğ edirlər. Ənənəvi olaraq bayram tədbirlərində azərbaycanlılarla yanaş, tatarlar, başqırdlar, taciklər, özbəklər və digər xalqların diasporları da iştirak edirlər. Bu baxımdan Novruz xalqların birliyi bayramına çevrilib. Belə mərasimlərdə Azərbaycan diasporunun nümayəndələrinin hazırladıqları stendlərdə Azərbaycanın mədəni irs nümunələri, milli musiqi alətləri və kitablar, o cümlədən Novruz bayramının ənənəvi simvolu olan səməni və şirniyyatlı xonça nümayiş etdirilir. Burada milli paxlava, şəkərbura, qoğal və digər ənənəvi şirniyyatlara rast gəlmək olar. Həmçinin Azərbaycan diasporunun zəngin bayram süfrəsi təşkil edilir. Şənliklərdə Novruz bayramının maraqlı ənənələri və adətləri, oyunlar və viktorinalar, üz rəngləmə ilə masa, virtual reallıq eynəkləri nümayiş olunur. Bununla yanaşı, Novruz personajlar Kosa və Keçəl tamaşaçıları əyləndirirlər. Bu tədbirlərdə müxtəlif dillərdə mahnılar ifa olunmuş konsert proqramı keçirilir. Novruz bayramı konsertində milli geyimlərdə Azərbaycanın məşhur mahnıları, musiqiləri və ənənəvi rəqsləri ifa olunur. Azərbaycanlılar arasında Novruz bayramının qeyd edilməsi ənənələri nəsildən-nəslə ötürülür, bayramın hazırlanmasında Azərbaycan diasporunun bütün yaş təbəqələrinin nümayəndələri iştirak edir.

Tarixçilərin, folklorşünasların araşdırmalarına görə, Novruz bayramı ən azı 5 000 il bundan əvvəl, qədim türk diyarı olan Azərbaycanda qeyd olunmağa başlamış və tarixin keşməkeşli yollarından keçərək bu günə kimi gəlib çıxaraq, öz layiqli qiymətini almışdır. Novruz insanlara bəxş olunan ruzi, xeyir-bərəkət bayramıdır.

 

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent