Artıq bir müddətdir ki, ardıcıl olaraq ürəktutmadan qəfil ölüm hadisələrinin şahidi oluruq. Hətta 30, 40, 50 yaşlı şəxslər arasında bu səbəbdən ölümlər adi hal alıb.
Bu ayın əvvəli 48 yaşlı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatı cəmiyyətdə böyük narahatlıq yaratmışdı. TƏBİB din xadiminin qəfil ürəktutmadan vəfat etdiyini açıqlamışdı. Elə ötən gün “Space” TV-nin orta yaşlı mühafizə rəisi Nahid İsmayılovun yaşadığı evdə ürəktutmadan öldüyü müəyyən edildi. Ondan bir neçə gün qabaq isə Penitensiar Xidmətin mətbuat katibi, 59 yaşlı Mehman Sadıqov ürəktutmadan vəfat etmişdi. Ümumiyyətlə, ötən həftə ərzində bir neçə belə sarsıdıcı hadisənin şahidi olduq. Babək prospektində sürücü Elçin Qazıbəyovun idarəetməni itirməsi nəticəsində maşını piyadaların üzərinə sürdüyü məlumatı yayılsa da, əslində onun sükan arxasında halının pisləşdiyi məlum oldu. Belə ki, sürücü ürəktutmadan həyatını itirdi. Həmçinin metro və marşrut avtobuslarından istifadə edən sərnişinlər arasında da bu səbəbdən ölüm halları əvvəlki dövrlərlə müqayisədə daha tez-tez təkrarlanır.
Qəfil ürəktutmalardan ölüm hallarının çoxalması sosial şəbəkələrdə də müzakirə edilən mövzulardandır. Belə ehtimallar var ki, bu xəstəlikdən ölüm halları COVID-19 pandemiyasının yayılmasından sonra aktuallaşıb. İddia olunur ki, koronavirusa yoluxan şəxslərdə gizli ürək problemləri başlayır.
Ürək-damar cərrahı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov hesab edir ki, ürək-damar xəstəliklərinə bağlı ölümlər həm ölkəmizdə, həm də dünyada həmişə ilk sırada olub: “Koronavirus xəstəliyinin ağciyər başda olmaqla, qan dövranı sisteminə zərərləri var. Lakin bunların heç biri qalıcı deyil. Bu gün ortalıqda istər ağciyərdə, istərsə də başqa orqanlarda qalıcı yan təsirinin olduğunu sübuta yetirən heç bir tədqiqat yoxdur. İddialar var idi, onlar da zaman içində çürüdü. Dünya statistikasına baxdığımız zaman görmək olar ki, istər ölkəmiz üçün, istərsə də dünyada ürək-damar sistemi xəstəliklərinə bağlı ölüm və infarktlar həmişə bir nömrəli xəstəlik olub və bu gün də davam edir. Gözləmədiyimiz, gənc insanlar həyatını itirdiyi zaman biz COVID xəstəliyi və ya digər baiskar axtarırıq. Halbuki günahkar ürək-damar xəstəliklərinin özüdür, onu yaradan risk faktorlarıdır, həyat tərzimizdir, vaxtında doğru müayinələrdən keçməmək və s. məsələlərdir”.
R. Mahmudovun sözlərinə görə, bu gün koronar ürək-damar xəstəliyi – yəni ürəyin işemik xəstəliyi və infarkta bağlı ölümlərin koronavirus xəstəliyindən sonra getdikcə artması ilə əlaqədar sübuta yetirilmiş, elmi dərc edilmiş elə bir tədqiqat ortalıqda yoxdur: “Var olan tədqiqatlar isə kiçik tədqiqatlardır və sonuna qədər sübuta yetirilməyib”.
Problemlə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdik. Nazirliyin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev sorğumuza cavab olaraq pandemiyadan sonra ürək-damar xəstəliklərində artım olduğunu təsdiqlədi: “Bütün ölkələrdə koronovirus pandemiyasından sonrakı dövrdə ürək-damar xəstəliklərində bir artım olduğunun şahidi oluruq. Onun üçün ürək-damar xəstəliklərinə yol açan klassik risk faktorlarına əlavə bir risk faktoru həyatımıza daxil olub. Bu da COVID-19 infeksiyasına yoluxmuş olmaqdır”.
Məsələ ilə əlaqədar bir neçə gün əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin yaydığı rəqəmlər də diqqətçəkəndir. Belə ki, Mərkəz ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəliklərinin üstünlük təşkil etdiyini açıqlayıb. Qurumun yayımladığı hesabata görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir.
Mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırıb: “Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir”.
Mərkəzin açıqlamasında bildirilir ki, ilkin səhiyyə xidməti müəssisələri ürək xəstəliklərinə erkən diaqnozun qoyulmasında və erkən müalicəyə başlanılmasında böyük rola malikdir. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tez yorulma halları müşahidə edilərsə, dərhal ailə (sahə) həkimlərinə müraciət edilməlidir. Ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilir.//qafqazinfo