Bu gün dünyada təbabət sahəsində inkişaf tendensiyası davam etsədə, müxtəlif xəstəliklər paralel olaraq artmaqdadır. Diqqət yetirsək görərik ki, fəaliyyət göstərən həm özəl, həm də dövlət xəstəxanaları xəstə sarıdan heçdə qıtlıq hiss eləmirlər. Bir sözlə kimdən soruşursan səhhətindən şikayət edir. Təbii ki, bunun kifayət qədər səbəbləri var. Bunlardan biri keyfiyyətsiz qidalanmadaır.
Bütün fəsillərdə eyni cazibədarlıqda qalan xaricdən idxal olunan bəzi məhsulların görəsən sirri nədir? Bu qidalar insan orqanizmində hansı fəsadlar törədir? Əslində bu suallar hər birimizi düşündürməlidir. Verilən məlumatlara görə, belə məhsullar yetişdirilərkən ona kimyəvi maddələrdən əlavə müxtəlif heyvanların geni vurulur. Belə genetik dəyişiklər meyvə və tərəvəzin uzun müddət təzə qalmasına gətirib çıxarır. Digər tərəfdən bu qidalardakı zəhərli tullantılar insan hüceyrələrində toplaşır. Şübhəsiz ki, həmin toksiki maddələr ciddi xəstəliklərə yol açır.
Süni müdaxilə nəticəsində yetişdirilən müxtəlif meyvə-tərəvəz toxumlarından Azərbaycanda da yararlanaraq məhsul əldə olunur. Digər tərəfdən xaricdən gətirilən gözəgəlimli, cazibədar meyvə növləri şəhərimizin ticarət köşklərini bəzəməkdədir. Gerçəkdən bu məhsullar yerli şəraitdə istehsal olunan mallardan görkəminə görə fərqlənir.
İctimaiyyətdə bu məsələlər barəsində bilgilərinin yetərincə olmaması problemləri daha da dərinləşdirir. Müşahidələr göstərir ki, bu idxal əməliyyatları o qədər də şəffaf aparılmır.
Bəs, bu problemlərlə üzləşməmək üçün nə etmək lazımdır?
İlk növbədə müxtəlif təbəqələr arasında maarifləndirmədən başlamaq lazımdır. İstehlakçı bilməlidir ki, onun qidalandığı məhsulun keyfiyyəti necədir, meyvə və tərəvəzlərin geninin dəyişdirilməsi nə deməkdir. İkincisi, yerli istehsala diqqət və qayğı daha da artmalıdır. Geni dəyişdirilmiş müxtəlif bitkilərin, meyvə və tərəvəz növlərinin əgər toxumundan yerli sahibkarlar tərəfindən istifadə olunursa, bu işə nəzarət edilməlidir, müxtəlif tədqiqat mərkəzləri tərəfindən bu məsələlər araşdırılmalıdır.
Müxtəlif üsullarla şişirdilib əndazədən çıxarılan bəzi tərəvəz məhsullarını görəndə narahatçılıq yaradır. Belə narahatlığa son qoymaq üçün müstəqil və müasir avadanlıqlarla təchiz edilən laboratoriyaların yaradılması zərurəti var. Çünki belə mərkəzlər həm xaricdən Azərbaycana idxal olunan yeyinti mallarının, həm də yerli şəraitdə genetik modifikasiya edilmiş məhsulların analizini apara bilər. Etibar ediləsi və lazımi avadanlıqları olan bu tip laboratoriyanın verəcəyi vicdanlı, obyektiv rəy istehlakçı üçün bu gün çox gərəklidir.
Ümumiyyətlə, məhsulun istehsal prosesinə, yəni piştaxtaya qədər ki, dövrə, həmçinin çeşidli məhsulların satışı zamanı bu işlərə nəzarət edəcək rəsmi dövlət strukturları mövcuddur. Həmin qurumlar fəaliyyətlərində bir dönüş etməlidirlər.
Əkrəm Bəydəmirli