Bu günlərdə Azərbaycan Texniki Universitetinin akt zalında Azərbaycan Respublikası ” Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin dəstəyi ilə Turan Dərviş teatrının hazırladığı ” Bir əsgərin taleyi ” adlı tamaşa göstərilmişdir.
Şəhid analarının, şəhid atalarının, qazilərin, müharibə veteranlarının, universitetin müəllim və tələbələrinin, ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə keçirilmiş tamaşa hər bir kəsdə xoş ovqat yaratdı .
Turan Dərviş Teatrının rejissoru Şirzad Pirallahinin hazırladığı tamaşa 44 günlük vətən müharibəsində torpaqlarımızı işğaldan azad etmiş Şuşa fatehi döyüşçü Nurxan Bəhram oğlu Əliyevin şərəfli döyüş yoluna həsr olunmuşdur.
Dövlət himnimiz səsləndirildikdən sonra vətənimizin azadlığı uğrunda və ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra tamaşaçılar Turan Dərviş teatrının rejissoru , tanınmış aktyor bədii qiraətçi Şirzad Pirallahinin hazırladığı ” Bir əsgərin taleyi” adlı tamaşaya maraqla baxdılar.
Zəfərlə bağlı Turan Dərviş
Teatrının aktyorları , Respublikanın əməkdar artistləri
Gülsabah Quliyeva,
Təzəgül Məmmədova,
aktyorlardan Nəzifə Nəbiyeva ( tamaşanın ssenaristi ) , Günay Məmmədova və Qarabağ qazisi Nurxan Əliyev rejissor Şirzad Pirallahi tərəfindən hazırlanmış tamaşanı peşəkar səviyyədə oynadılar.
Əsgər anası Mətanət xanımın 44 günlük vətən müharibəsində oğlundan xəbər tutmaq üçün hərbi hissəyə gəlməsi səhnəsi tamaşaçılarda olduqca maraqlı və kövrək hisslər yaşatdı.
Ali Baş Komandanımızın televiziyada xalqa müraciət edərək ” Şuşa, sən azadsan” xəbəri xalqımızın sonsuz sevincinə səbəb oldu.
Şuşadan bir başa canlı yayımda çıxış edən əsgər Nurxan Əliyevi görən ana sevincdən göz yaşlarını saxlaya bilmədi.
Tamaşa gözəl sonluqla başa çatdı.
Elə bu vaxt canlı qəhrəman Şuşa fatehi Nurxan Əliyev səhnəyə daxil oldu.
Tamaşaçılar ayağa qalxaraq qəhrəmanı alqışladılar.
Tamaşanın rejissoru Şirzad Pirallahi aktyorları tamaşaçılarla tanış etdi.
Tədbirin təşkilatçısı Şəhid Ailələrinə Sosial Dəstək ictimai birliyinin sədri , şəhid ailəsi Almaz Zeynalova Azərbaycan Texniki Universitetinin rəhbərliyinə ,AzTU TV Studiyasının direktoru Səfa Teyyub oğlu Bağırova , müəllim və tələbələrə, şəhid analarına , tədbir iştirakçılarına təşəkkürünü bildirdi və hər zaman şəhid ailələrinə dəstək olan bir qrup ziyalılara ictimai birlik adından Fəxri diplom təqdim etdi.
Almaz Zeynalova əsərin qəhrəmanı olan Nurxan Əliyevin valideynlərini də tamaşaçıların alqışları ilə səhnəyə dəvət etdi və belə cəsur oğullar böyüdən anaların qarşısında baş əydi.
Onu da qeyd edim ki,” Şəhid Ailələrinə Soaial Dəstək” ictimai birliyi 2008- ci ildən fəaliyyət göstərir, şəhid ailələrinin hüquqlarının qorunmasında , onların problemlərinin həlli istiqamətində uzun illərdir ki, səmərəli fəaliyyət göstərir.
Almaz Zeynalova vurğuladı ki, tədbirdə iştirak edən türkiyəli iş adamları Park bulvarın direktoru Əli bəy və Yavuz bəy hər zaman şəhid ailəlinin yanındadırlar.Yavuz bəyin Xırdalanda icarəyə götürdüyü Kadıköy restoranında tez- tez şəhidlərimizin anım günləri təmənnasız olaraq keçirdilir.Belə vətənpərvər oğullar hər cür hörmətə layiqdir.
Almaz xanımın çıxışı alqışlarla qarşılandı.
Sonra Universitetin müəllimi ictimai xadim Akif Nağıyev belə tamaşaların gənclərdə vətənpərvərlik ruhunun artırılmasındakı rolundan danışdı və belə tamaşaların televiziya ekranlarında daha geniş formatda göstərilməsinin vacibliyindən danışdı.
Sonda teatrın kollektivi canlı qəhrəman Nurxan Əiyevlə birlikdə xatirə şəkli çəkdirdilər.
Rauf İlyasoğlu.