Dırnaq yemək vərdişi bir çox insanlar üçün adi hal hesab olunsa da, mütəxəssislər bunu psixoloji pozğunluqla əlaqələndirirlər.
Dünyaxeber.org Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu vərdiş uşaqlıq və yetkinlik dövrlərində yaranır. Dırnaq yemək vərdişi sıx qayğıları olan və yaşadığı çətinliklərin öhdəsindən gələ bilməyən insanlarda daha çox baş qaldırır. Eyni zamanda həyatında boşluq və əskiklik hiss edənlərdə də belə vərdiş müşahidə oluna bilər.
Bu yerdə maraqlı bir məqamı vurğulamaq lazımdır. Belə ki, ətrafdakı insanların bu davranışı qəti şəkildə ələ salması və ya tənqid etməsi həmin şəxsdə stressin daha da artmasına və bu psixoloji problemin ağır səviyyəyə çatmasına səbəb olur.
Bir çoxları bu vərdişi kosmetik bir problem olaraq görür və ciddi qəbul etmir. Ancaq mütəxəssislər həyəcan siqnalı verir. Onların rəyinə görə, belə şəxslərin psixoloqa müraciət etməsi vacibdir.