Xocalı soyqırımının təşkilatçıları və iştirakçıları bu vaxta qədər niyə görə hüquqi məsuliyyətə cəlb olunmayıb?

Bir sıra dövlətlərin parlamentləri, tanınmış siyasi xadimləri,  ABŞ-ın  müxtəlif ştatları  Xocalı hadisələrinə qiymət verərək  soyqırım aktı kimi tanıyıblar. Bütün bunlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından müsbət haldır. Lakin yetərli deyil. Həmin hadisələrə siyasi qiymət verib tanımaq,  soyqırımı törədənləri pisləmək  mövcud reallıq baxımından  zəruri olsa da,  hüquqi baxımdan məsələnin həlli deyil. Məsələnin ədalətli həlli üçün  cinayət varsa cəza mexanizmi işə düşməlidir.

Hər il Xocalı soyqırımı qurbanlarının xatirəsi  yad edilir. Bu, belə də olmalıdır. Yalnız Xocalı hadisələrinin ildönümü günlərində deyil, hər zaman biz bu tədbirləri beynəlxalq ictimaiyyəti maraqlandıracaq  formada təşkil etməliyik. Burada bütün vasitələrdən yararlanmaq lazımdır.  Ancaq   bu  təbliğat  üsulları ilə bərabər daha ciddi mexanizmlər üzərində çalışmaq lazımdır. Nəhayət, Xocalı məsələsini hüququ müstəviyə çıxarmaq zərurəti yaranıb. Məlum məsələdir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tərkib hissəsi olmuşdur.  Təbii ki, buna görə də  Ermənistanın əməlləri beynəlxalq cinayət sayılmalıdır.

Ermənilər bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Xocalı hadisələri zamanı dinc insanların kütləvi şəkildə qəddarlıqla qətlə yetirliməsi, öldürülmüş şəxsləruin təhqir edilməsi insanlıq əleyhinə cinayətlərdir.

Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə  Ermənistan dövləti məsuliyyət daşıyır. Məhz bu aspektdən çıxış edərək  qeyd etmək lazımdır ki,  bizim fəaliyyətimiz  hüquqi müstəvidə davam etməlidir.

Necə ki,   II dünya müharibəsində  qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər  məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf  Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı.

Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi.  Müharibədən zərər çəkən yəhudilər və onların yaxınları  bu gündə Almaniya dövlətindən dəymiş ziyana görə, kompensasiya alırlar. Əslində  soyqırım törədən cinayətkarların cəzalandırılması baxımından bütün bunlar  yaxşı  təcrübədir.

Hətta onu da qeyd edim ki, ötən əsrin 90-cı illərindən sonra keçmiş Yuqoslaviyada baş verən qanlı cinayətlərə görə, bəzi şəxslər məsuliyyətə cəlb olundu.  Birbaşa müharibə cinayətlərində əli olan şəxslər axtarışa verildi. Belə nümunələri xeyli artırmaq olar,  Bəs, bu gün belə təcrübədən niyə biz yararlanmayaq?  Bu gün  müharibə cinayətləri,  bu cinayətlərin  birbaşa günahkarları  sivil dünyanın, ümumilikdə götürsək bəşəriyyətin maraqlarına toxunur.

Xocalı soyqırımında dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində  iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər.  İngilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş etdib. Sarkisyan  isə baş vermiş hadisələrlə bağlı deyib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”.

Həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanda prezidentliyi dövründə Avropa Şurasının tribunasından  Qarabağda dinc azərbaycanlılara qarşı etdiyi bütün vəhşilikləri fəxrlə təsdiqləyib. Göründüyü kimi, qeyd olunan və qeyd olunmayan faktlar cinayətkarların kimliyini tam sübut edir.  Deməli, beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə nail olmalıyıq.

Əkrəm Bəydəmirli