Paşinyan Vardanyanı “ARADAN GÖTÜRƏCƏK”: Canını qurtarmaq istəyir – Bakı BUNU BACARDI

“Xüsusi gündəlik və konkret tapşırıqlarla bölgəyə göndərilən Ruben Vardanyan qaldırıldığı zirvədən də düşürdüldü. O da ola bilsin ki, bu başqa, bir az fərqli, daha yüksək hədəflər üçün strateji geriçəkilmədir”.

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Vardanyan kimilər istifadə edilib, tarixin zibilliyinə qərq olunacaq:

“Səbəb və nəticələrinə toxunmazdan əvvəl bir məsələni bir daha müəyyənləşdirək ki, Laçın yolundakı etiraz aksiyaları Ruben Vardanyan səbəbilə başlamamışdı ki, Vardanyanla da bitsin. Başlama səbəbi qanunsuz istismar üzrə monitorinqə icazə verilməməsi idi. Niyə bu amili xatırlatdıq sualına gəldikdə isə bu gün “Artsax” “prezidenti” Araik Arutyunyanun Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən istefa verməsinin səbəblərini açıqlayarkən fikrinə bu cümlələrlə başlamasıdır ki, guya Vardanyanın “dövlət naziri” təyin olunmasından cəmi bir neçə gün sonra Azərbaycan Laçın dəhlizinin qarşısını alaraq “Respublikanı” blokadaya almağa başladı. Azərbaycanın səbəbi də, məqsədi də bəllidir, suveren torpaqlarında qeyri-qanuni istismara son.

Çox yox, bir az dərinə endikdə isə Azərbaycan da, bütün tərəflər də aydın bilir ki, Vardanyan böyük bir planın tərkib hissəsi idi. Bu variant getdisə, o birisi, növbəti plan işə düşəcək.

Aİ missiyasının bölgəyə gəlişi ilə məsələlər daha da qəlizləşəcək. Yeni gələn sima isə direktivləri sadəcə Rusiyadan, ya da İrəvandan deyil, həm də Qərbdən almaq məcburiyyətində qalacaq. Bənzər kartdan müxtəlif formalarda, fərqli tərəflər istifadə edəcək. İstər Ermənistan, istərsə də sülh müqaviləsinin imzalanmasına qarşı çıxan qüvvələr bilməlidir ki, belə insanlar da, üsullar da istifadə üçündür. İstifadə edilib, tarixin zibilliyinə qərq olurlar. Yəni, bizə uzaq və yaxın tariximiz də yaxşı deyir ki, tərəflərin masa üzərinə çıxartmağa kartlarının qəhət olmadığı qədər, Azərbaycan da bu mübarizədə geri addım atan deyil.

Vardanyan planını, onun effektivliyini Bakı pozdu, bu qətiyyətli mövqedə aksiyalar da nəticəsini göstərir, bundan sonra digər məsələlərdə də göstərəcək. İstər yeni fiqur gəlsin, istər burada gizli sövdələşmələr olsun rəsmi Bakı proseslərə sayıq, təmkinli, mərhələli şəkildə yanaşır.

Cənab Prezident İlham Əliyev birmənalı qaydada Münhendə də bildirdi ki, Azərbaycan tərəfi heç bir halda Vardanyanla danışmayacaq. Eyni dəyişməz mövqe bir digər fiqur üçün də keçərlidir. Azərbaycanın danışıqlar aparacağı yeganə tərəf bölgədə qalan, vətəndaşlığını təklif etdiyi ermənilərdir.

Odur ki, Ruben Vardayanın vaxtilə BBC-nin “Hard Talk” verilişinə verdiyi “qətiyyət” dolu müsahibəsi, Qarabağı tərk etməyəcəyi və “öz xalqının yanında” qalacağı da boşa çıxdı. Düşünmürəm ki, milyarder statusa malik belə bir insan üçün maddi kapitalını nəinki artırmaq, hətta qorumaq baxımından qondarma rejimin məhdud ərazisi, ya da elə Ermənistanın özü geniş meydan olsun, ona sərf etsin. Bu ərazi iqtisadi fəaliyyət baxımından Vardanyan üçün kifayət qədər dar və məhduddur.

Ola bilsin ki, Vardanyana siyasi məhdudluğunun olmayacağı ümidi verilsin yəni, əl-qolunu İrəvanda açma variantı. Amma burda da bir məsələ var ki, Vardanyan əgər o məqsədlə vəzifəsindən azad edildisə ki, İrəvana doğru addımlasın, Paşinyana rəqib olsun, hakimiyyətinin ilk illərində rəqiblərinə qarşı siyasi repressiyaya başlayan Paşinyanın eyni ssenarini Vardanyana da tətbiq edəcəyi istisna deyil. Bu ssenari artıq erməni mətbuatında geniş müzakirə mövzusudur.

Vardanyan isə qozbeli qəbir düzəldər sözünün haqqını verərək köhnə adətində, öz işində, qeyri-leqal fəaliyyətindədir. İndi isə məkan Azərbaycan deyil, Ermənistan ərazisidir. Belə ki, ticari proseslər və əməliyyatlar 2006-cı ilin yanvarında Rusiya və Qazaxıstan tərəfindən təsis olunan maliyyə qurumu olan Avrasiya İnkişaf Bankı ilə həyata keçirilsə də, Vardanyanın Ermənistanda qanunsuz istismar siyasətini həyata keçirən şirkətlər əslində Qərbə məxsus strukturlardır.

İstənilən ssenaridə belə bir halın, qarşıdurma, çaşğınlıq və Vardanyanın getməsi Azərbaycanın qətiyyətli mövqeyinin nəticəsi, uğurudur. O baxımdan ki, Qarabağda separatçılar arasında təfriqə salmağı bacaran Azərbaycan həm də azsaylı erməni əhalisinə növbəti dəfə sübut etdi ki, istənilən fiqur gəldi gedərdir, hər bir halda yerli əhali üçün müsbətə doğru heç nə dəyişməyəcək. Ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa alternativləri mövcud deyil”.

Təhməz Əsədov
Milli.Az