Münxen görüşləri göstərdi ki, Paşinyan sülh danışıqlarını beynəlxalq müstəviyə çıxarmaq istəyir

Son iki ildə Azərbaycanla sülh danışıqlarında Ermənistanın baş naziri Nikol Paşinyanın sürüşkən mövqe sərgiləməsi ortada olub.

 

 

Aydın məsələdir ki, zavallı Paşinyan belə davranışları ilə sülh danışıqlarının görüntüsünü yaradıb. Əslində onun məqsədi imitasiya siyasəti həyata keçirərək danışıqlar prosesini maksimum dərəcədə uzatmaqdır. Müşahidələr göstərir ki, o, bu davranışı ilə  gələcəkdə situasiyanın dəyişəcəyinə ümid edir. Yeni şəraitdə Ermənistan üçün daha əlverişli şərait yaranacağına ümid edən Paşinyan belə manevr siyasətini davam etdirir. Digər tərəfdən onu Qərbdə ruhlandıran qüvvələr var. Münxen görüşləri bir daha göstərdi ki, Paşinyan sülh danışıqlarını beynəlxalq müstəviyə çıxarmaq və prosesi uzatmaq istəyir.

Onu da unutmamalıyıq ki, beynəlxalq güclərin hər birinin sülh danışıqlarında öz maraqları var. Ola bilər vasitəçi qüvvələrin maraqları Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını daha uzun illər uzatsın.  Necəki vaxtılə Dağlıq Qarabağ münaqişəsinin ömrünü 30 ilə yaxın davam etdirdilər.

Ona görə, Azərbaycan beynəlxalq güclərin sülh nağılına,  Paşinyanın sürüşkən mövqeyinə inanmamalıdır. Biz millət olaraq, dövlət olaraq yalnız öz gücümüzə inanmalıyıq. İşğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri genişlənməlidir. Orada məskunlaşma sürətlənməlidir.  Digər tərəfdən ölkə daxilində fundamental islahatlara ehtiyac var. Azərbaycan insanının rifahı yüksəldikcə, fundamental islahatlar həyata keçirildikcə, dövlət gücləndikcə  xarici qüvvələr də Azərbaycanla hesablaşmağa məcbur olacaqlar.

Əkrəm Bəydəmirli