16-17 fevral tarixlərində İsmayıllı və Qəbələ rayonlarında Azəbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən “Öz peşəni seç” gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədi ilə təlimlərin və görüşlərin təşkili” adlı layihənin icrası baş tutub.
“Üfüq Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri, layihə rəhbəri Həzrət Bədiyev bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd region gənclərinin düzgün peşə-ixtisas seçimi ilə bağlı maarifləndirilməsi, onların təhsil və karyera sahəsində uğurlu inkişafına dəstək olmaqdan ibarətdir. Qeyd olunub ki, gənclərin peşə-ixtisas seçimi qərarlarına daha çox təsir edən valideynlərin və müəllimlərin məlumatlılığının artırılmasına yönəlmiş təhsil və məlumat şəbəkələşməsi işini məktəblərdə gücləndirmək zəruridir.
Eyni zamanda tədbirdə təlimçi qismində İsmayıllı rayon İcra Hakimiyyətinin məsul işcisi ekspert İsmayıl İsmayılov da iştirak edib. O çıxışı zamanı qeyd edib ki, İxtisas seçimi insanın həyatında verdiyi ən önəmli qərarlardan biridir. Hər bir insanın gələcək həyatını, məqsədini müəyyənləşdirməkdə peşə seçimi mühüm rol oynayır. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə seçilmir, bəlkə bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, doğrultmaqdır. Hər birimiz ilk seçimimizi ətrafdakı insanlara baxaraq edirik. Həmin peşədə özümüzü görür, bizi xoşbəxt edəcəyini düşünürüksə, o peşəni seçirik. Lakin sevdiyimiz peşə bizə hər zaman uğur qazandırmır. Sevdiyimiz peşə ilə dövrün prestijli peşələri arasında bəzən böyük fərqlər olur. Bəs gənclər nə etməlidir? Sevdiyini, yoxsa prestijli peşəni seçməlidir? Hər bir insan həyatda heç olmasa bir dəfə özünə “Mən kim olmalıyam?” sualını verir. Bəzi insanlar bu sualı dəfələrlə qarşılarına qoyurlar: “Birinci qism insanlar həyatda ancaq tək bir yol seçmək istəyirlər və buna görə də bu seçimdə mümkün qədər səhv etməməyə çalışırlar: kimisi ailəsinin keçmişini, təcrübəsini yada salır, kimisi müdrik insanlardan məsləhət alır, kimisi isə, populyar, prestijli işin sahibi olmaq istəyir. Bu fikirləri birləşdirən bir amil var –nəyi seçmək istədiklərini, gələcəkdə bu peşənin sahibi kimi özlərini harada görəcəklərini, nədən zövq almaları barədə düşünmürlər. İkinci qisim insanlar özlərinə qonaq kimi yanaşırlar: “Mən indi haradayam”, “nəyə qadirəm”, “əlimdə nəyi saxlamaq, haraya doğru getmək istəyirəm” kimi suallar vasitəsi ilə özlərini tapmaq istəyirlər. Qoyulan suallar çox vacibdir, çünki onlar bizi şəxsi inkişafın ən vacib pillələrindən birinə – özünü dərk etməyə yönəldirlər”.
AzVision.az