Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin müstəntiqi Nicat Acalov həbs edilib.
Ötən il Faiq Məmmədovun anası Məhsəti Məmmədova müraciət edərək adıçəkilən müstəntiqin onlardan rüşvət aldığını bildirmişdi. Belə ki, Faiq Məmmədov tutulandan sonra istintaq Nicat Acalova tapşırılıb. Müstəntiq istintaq dövründə F.Məmmədovun ailə üzvləri ilə görüşərək vəd verib ki, bir neçə gün sonra onu həbsdən buraxdıracaq. Ailənin iddiasına görə, Acalov pulun bir hissəsini hətta DSX binasının həyətində alıb.
Aparılan araşdırmalardan sonra müstəntiq barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (külli miqdarda rüşvət alma) ilə cinayət işi başlanıb. Barəsində həbs qətimkan tədbiri seçilib. İş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin şikayət dərc olunan zaman Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti F.Məmmədovun ailəsinin müraciəti üzrə xüsusatların təsdiqini tapmadığını, iddiaların həqiqəti əks etdirmədiyini bildirmişdi.Qafqazinfo