Xəbər verdiyimiz kimi, aktyor, aparıcı, Kamal Yaşar bir neçə gün əvvəl Prezident İlham Əliyevə dublyaj sahəsində mövcud problemlərlə bağlı müraciət edib. Aktyor ötən gün özünün sosial şəbəkə hesabından etdiyi paylaşımda “Mədəniyyət” telekanalında yayımlanan və aparıcılığını etdiyi “Kinokitab” verilişinin bağlandığını bildirib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC məsələ ilə bağlı məlumat yayıb.
Bildirilib ki, “Mədəniyyət” kanalının “Kinokitab” verilişi hələ ötən ilin sentyabrından yayımlanmırdı və verilişin keyfiyyət baxımından müasir tələblərlə uyğunlaşmadığı da yaradıcı kollektivə izah edilib:
“Bu il kollektivə daha bir imkan verilsə də, reytinq toplamadığı üçün yayımının dayandırılmasına qərar verildi. Bunu hansısa açıqlama və paylaşımla əlaqələndirmək fikri başqa istiqamətə yönləndirməkdən, süni ajiotaj yaratmaqdan başqa bir şey deyil.
Onu da əlavə edək ki, “Kinokitab” verilişi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məhsulu deyil, prodakşn istehsalıdır. Verilişin ərsəyə gəlməsində də əməyi olan şəxslər “Mədəniyyət” kanalının əməkdaşları yox, kənar müəlliflərdir”. /yeniavaz.com/