Bütün dünya ondan danışır – Bir ayağı olmasa da… – VİDEO – FOTO

Bir neçə gün öncə FİFA ilin gözəl qoluna namizədlərin siyahısını açıqlayıb. Ferens Puşkaş adına təsis edilən mükafata sahib olmaq şansı olan futbolçulardan ikisi Rişarlison və Dimitri Paye bizə çox yaxşı tanışdır. Milli.Az bildirir ki, üçüncü namizəd isə Pol Martsin Oleksidir.

Siz sonuncu haqqında heç vaxt eşitməmisiniz. Oleksi möhtəşəm qolun müəllifi olan futbolçudur. Ancaq o, həmkarlarından fərqli olaraq buna amputa futbolda nail olub. Bu idman növü son illərdə populyarlıq qazanıb. Bunun nəticəsidir ki, orada çıxış edən futbolçular da belə nüfuzlu mükafatların namizədləri siyahısına düşməyib bacarıblar.

Polun vurduğu qolu Rişarlisonla müqayisə etmək olar. Demək olar ki, oxşar qollardır. Yalnız bir fərq var – Martsin qoltuqaltı ilə çıxış edir və braziliyalı hücumçudan fərqli olaraq ayağının bir hissəsi yoxdur.

Polşanın “Varta” amputa klubunda oynayan futbolçunu məhşur edən qol, 2022-ci il noyabrın 7-də qeydə alınıb. Həmin gün komandası “Stal”la qarşılaşıb. Oleksi komandasının qazandığı qələbəyə baxımlı qolla tövhə verib.

“Komanda yoldaşım topa yaxınlaşanda başa düşdüm ki, mənə ötürmə edəcək. Ona görə bütün diqqətini topa verdim. Həmişə baxımlı qol vurmaq istəmişəm. Bu səbəbdən həmin anda hazır idim. Amma belə möhtəşəm alınacağını gözləmirdim. Vurduğum qolla fəxr edirəm. Həmin an çox xoşbəxt idim” – deyə polşalı futbolçu bildirib.

Onun apreldə 36 yaşı olacaq. Həyatı 2010-cu ilin noyabrında, yəni 23 yaşında dəyişdi. Martsin həmin vaxt da futbolla məşğul olurdu. Qapıçı idi, dördüncü divizionda oynayırdı. Tez-tez turnirlərdə şəxsi mükafatlar alırdı, amma bu, dolanışığını təmin etməyə imkan vermirdi. Ona görə də əlavə işlə məşğul olurdu. Həmin vaxt qəzanın qurbanı oldu. Ayaqlarının üstündən avtomobil keçdi və nəticədə Oleksinin ayağının bir hissəsi amputasiya edildi. Bu, hər bir insan üçün arzuolunmaz hadisədir. Ancaq bundan sonra həyatdan qopmadı. O, həmin anları belə xatırlayır:

“Əvvəlcə heç nə hiss etmədim. Sonra bunun nə qədər pis olduğunu başa düşdüm. Ancaq həmin anda nə ayaqlarım, nə də həyatım üçün narahat olmadım. İlk növbədə sağ qaldığıma görə xoşbəxtəm”.

Polşanın amputa millisinin üzvü olan Oleksi məlum qəzaya qədər qapıçı idi. İndi isə hücumçuya çevrilib. O, ümumiyyətlə həyata pozitiv baxır:

“Bəlkə də həyatım pis olsaydı, nədənsə şikayət edərdim. Amma indi belə problemim yoxdur. Görünür, hər şey yaxşılığa doğru dəyişib”.

Ən yaxşı qolun müəllifinin adını fevralın 27-də öyrənəcəyik. Pol Martsin Oleksi ümid edir ki, əfsanəvi futbolçu Ferens Puşkaşın adını daşıyan bu mükafat onun olacaq. Bununla da o, Polşa futbolu tarixinə adını qızıl hərflərlər yazmağı planlaşdırır. Çünki hələ heç bir həmyerlisi bu mükafatı qazanmayıb. (publika)

Milli.Az

Məqaləyə dair fotomateriallar: