Binə qəsəbəsində 218-saylı orta məktəbdə 10 fevral 2023-cü il tarixində məktəbin biologiya müəllimi Elza Cəfərovanın təşkilatçılığı ilə ssenari müəllifi Əkrəm Bəydəmirli olan “Tarix yazan qəhrəmanlar” filminin təqdimatı keçirilib.
Xatırladırıq ki, Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin ötən il həyata keçirdiyi layihəsi çərçivəsində “Tarix yazan igidlərimiz” sənədli filmi ərsəyə gətirilib. Film II Qarabağ müharibəsinin üç qəhrəmanından bəhs edir.
Tədbirdə məktəb rəhbərliyi, valideynlər, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkərlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov, şəhid ailələləri, qazilər və məktəbin şagirdləri iştirak etdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov iştirakçıları salamladıqdan sonra Vətən müharibəsi zamanı Azərbaycanın şanlı qələbəsindən danışdı.
Daha sonra filmin ssenari müəllifi Əkrəm Bəydəmirli çıxışında bildirdi ki, sənədli film Vətən müharibəsi şəhidləri Samir Şükürova, Samir Mehdiyevə və Həsənağa Şirvaniyə həsr olunmuşdur.
Çıxış edən digər tədbir iştirakçıları Həzərxan Əbilov, məktəbin riyaziyyat müəllimi, Şəhid Həsənağa Şirvaninin sinif rəhbəri olmuş Musa Alıyev və şəhidlərin ailə üzvləri tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Filmin nümayişindən sonra məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.