Qardaş Türkiyədə baş verən zəlzələrin ağır nəticələri bizim hər birimizi sarsıtdı, qəlbimizi göynətdi. Tam səmimi olaraq deyə bilərəm ki, bizim ürəyimiz qardaş Türk xalqı ilə döyünür.
Onların acısı bizim acımızdır. Azərbaycan insanının imkanı daxilində bu təbii fələkətin aradan qaldırılmasına göstərdiyi maddi-mənəvi dəstək, etdiyi dualar hər birimiz üçün qürurlu haldır. Azərbaycanın öncül yerdə olduğu qardaş ölkədə təbii fəlakətdən ziyan çəkənlərə yardım kampaniyasına artıq dünyanın bir çox dövlətləri qoşulub. İnanırıq ki, Türkiyə belə ağır mərhələləri keçəcək.
Amma bu təbii fəlakət bizim şüurumuzu silkələməlidir. İnşaat işlərinin, ümumilikdə göydələn tikintilərinin mövcud zəlzələrə niyə tap gətirmədiyinin fərqində olmalıyıq. Belə hallar paytaxtımızda baş verərsə şəhəri bürümüş yöndəmsiz binalar, hüdür mərtəbəlilər neçə ballıq zəlzələyə dözə bilər?
2000-ci ilin noyabrında Bakı şəhərində baş verən zəlzələyə o zaman Leninqrad layihəsi adlandırılan tikililər tab gətirdi. Ondan sonrakı dönəmdə paytaxtda tikinti bumu yaşanıb. Bu binaların hansı keyfiyyətdə olmasına ekspertlər və əlaqədar təşkilatlar cavab verə bilərlər. Ona görə, bu məsələlərə etinasız yanaşılmamalıdır. Mövcud standartlara cavab verməyən yeni tikilmiş göydələnlərin və həmçinin istismar müddəti başa çatan binaların siyahısı tərtib olunmalıdır. Onlar tədricən sökülməli və bu istiqamətdə lazımı addımlar atılmalıdır. Güman edirəm ki, həm media, həm də vətəndaş cəmiyyəti institutları belə həssas məqamları hər zaman diqqətdə saxlayacaq.
Əkrəm Bəydəmirli