Dərmanlarla bağlı nə qiymətdə bəxtimiz gətirib, nə də keyfiyyətdə. “Əsas sağlamlıqdır” deyib, məcbur olub alırıq, təəssüf ki, faydasını ödənişinə uyğun görmürük. Dərdimizə dərman tapmaq üçün ya xaricdən sifariş etməliyik, ya da qiymətləri 4-5 dəfə baha olan “alman” apteklərinə üz tutmalıyıq.
Keyfiyyətsiz dərman problemi qanayan yaramızdır. Yəqin hər kəs dəfələrlə müalicə vaxtı dərmanların təsirinin az olması problemi ilə rastlaşıb. Dərmanlarla bağlı nə qiymətdə bəxtimiz gətirib, nə də keyfiyyətdə. “Əsas sağlamlıqdır” deyib, məcbur olub alırıq, təəssüf ki, faydasını ödənişinə uyğun görmürük. Dərdimizə dərman tapmaq üçün ya xaricdən sifariş etməliyik, ya da qiymətləri 4-5 dəfə baha olan “alman” apteklərinə üz tutmalıyıq. Hətta iş o həddə çatıb ki, həkimlər də resept yazanda əgər müalicənin təsirini tez görmək istəyiriksə, bizi sözügedən bahalı əczaxanalara, xaricdəki dost-tanışlarımızdan kömək istəməyə yönləndirirlər.
Dərdimizə dərman tapmırıq
Keyfiyyətsiz dərmanlarla bağlı dəfələrlə yazsaq da, dərdimizə dərman tapmırıq ki, tapmırıq. Hətta iş o həddə çatıb ki, xarici dərman istehsalçılarından biri Azərbaycanda dərmanlarının saxta olması ilə bağlı əhaliyə müraciət edir. Danimarka dərman istehsalçısı “Novo Nordisk A/S” şirkəti bu yaxınlarda açıqlama yayaraq bildirib ki, “Ozempik” preparatına tələbatın yüksək olması ilə əlaqədar olaraq, “Ozempik” 0,5 mq və 1,0 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur. Yəni Danimarka istehsalı adı ilə apteklərdə satılan bu dərman əslində saxtadır.
Sual olunur: bu faktdan sonra xarici ölkələrdən gələn dərmanların həmin ölkələrin istehsalı olduğuna necə inanaq?
Vətəndaşlarımız keyfiyyətsiz dərman vasitəsi ilə rastlaşarsa…
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycana rəsmi yolla idxal edilən bütün dərman vasitələri Analitik Ekspertiza Mərkəzində (AEM) laborator analizdən keçir və sənədlərinin uyğunluğu yoxlanılır. Qurumun açıqlamasına görə, vətəndaşlar dərman vasitəsi alan zaman onun saxta olmasını çox sadə yolla müəyyən edə bilərlər: “AEM-in idxalına icazə verdiyi bütün dərman vasitələrinin qutusunun içərisində mütləq qaydada Azərbaycan dilində içlik və qutusunun üzərinə vurulmuş nəzarət markası olur. Əgər vətəndaşlar dərman vasitəsi alarkən qeyd etdiyimiz iki haldan heç biri və ya hər hansı biri olmazsa, deməli, bu dərman vasitəsi ölkəyə rəsmi şəkildə idxal edilməyib. Vətəndaşlarımız yuxarıda qeyd olunan hallarla və ya keyfiyyətsiz dərman vasitəsi ilə rastlaşarlarsa, o zaman aptekin ünvanı, dərman vasitəsini alındığını sübut edən kassa çeki ilə birgə AEM-in “Bir pəncərə” sisteminə müraciət etməklə, mərkəzin “qaynar xətt”inə zəng edərək, www.pharma.az saytı vasitəsi ilə müraciət edərək, yaxud AEM-in sosial şəbəkə səhifələri vasitəsi ilə bu barədə məlumat verə bilərlər”.
“Vətəndaşların dəstəyi önəmlidir”
Qurum vurğulayır ki, ölkəyə gətirilən saxta dərman vasitələrinin aşkar olunmasında vətəndaş dəstəyi önəmlidir: “AEM-in Əczaçılıq müfəttişliyi şöbəsinin əməkdaşları il ərzində əczaçılıq məhsullarının satışı ilə məşğul olan müəssisələrdə planlı və plandan kənar yoxlamalar həyata keçirir. Lakin ölkəyə gətirilən saxta dərman vasitələrinin aşkar olunmasında ictimai nəzarətin olması və vətəndaşların dəstəyi çox önəmlidir”.
Əslində saxta deyil?
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli Danimarka dərman istehsalçısının yaydığı açıqlamaya inanmadığını bildirdi: “Ozempik” şəkər əleyhinə dərman preparatı kimi istifadə olunur, tərkibi insulindir. Lakin son dövrlər Azərbaycanda “Ozempik”dən arıqlamaq məqsədilə istifadə edənlərin sayı artdı. Bu dərman əvvəlcə çox az gətirlmişdi. Satılıb bitəndən sonra isə gətirilməsində problem yarandı. Bundan sonra bəzi güclü şirkətlər həmin dərman preparatının Türkiyə variantını qanunsuz yolla ölkəyə gətirdilər. Əslində saxta deyil, amma dövlət qeydiyyatından keçirilmədən birbaşa Türkiyədən Azərbaycana gətirilir. Şirkət də Danimarka istehsalının deyil, Türkiyə istehsalının meydana gəlməsini gördükdə, həmin dərman bazarına öz təsir imkanlarını saxlamaq üçün əhaliyə müraciət etdi. Düşünürəm ki, bu məlumat ona görə yayılıb ki, qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlara inamsızlıq yaransın”.
“Bunu saxtalaşdırmaq üçün milyonlarla vəsait lazımdır”
Mütəxəssisin sözlərinə görə, məhz bu dərman vasitəsini saxtalaşdırmaq mümkün deyil: “Bu dərman ampula formasındadır. Birdəfəlik dozalarla şəkər xəstələri istifadə edirlər. Bu formaların saxtalaşdırlması üçün ümumiyyətlə texnoloji imkanlar yoxdur. Əgər bu imkanlar olsaydı, onda Azərbaycan rəsmi qeydiyyatdan keçib özü onun istehsalına başlayardı. Bunun üçün milyonlarla vəsait lazımdır. Danimarka şirkəti bazarda öz monopolist imkanlarını qoruyub saxlamaq üçün bu müraciəti yaydı”.Bu dərmanlar ölkəyə necə gəlib?
Mütəxəssis vurğuladı ki, bu dərmanları xaricdə saxtalaşdırıb gətirirlərsə, burada gömrük orqanları məsuliyyət daşıyır: “Yox, əgər gömrük orqanlarında problem yoxdursa, dərmanlar ölkəyə gətirilərkən bütün qaydalara riayət olunursa, onda Analitik Ekspertiza Mərkəzi onlardan nümunələr götürüb analiz etməlidir. Uyğunsuzluq müşahidə edəcəksə, sertifikat verməməlidir. Kimsə özü üçün istifadəyə gətiribsə, buna artıq qanun icazə verir. Məsələn, bir fərd özü üçün 5 dərman gətirib, 3-nü satırsa, bu “Dərman vasitələri haqqında” qanunun 6-cı maddəsi ilə uyğunluq təşkil edir. Yəni bəlli miqdarda istifadə üçün gətirilməsinə qadağa yoxdur”.
Təhlükəli “sövdələşmə”
Dərmanların keyfiyyətsizliyi məsələsinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, keyfiyyəti azaltmağın da yolları var: “Keyfiyyətin göstəricisi dozadır. Yəni dərman preparatının üzərində əsas təsiredici molekulun dozası yazılır. Hər bir dərman preparatı ölkəyə daxil olduqdan sonra qeydiyyatdan keçir və göstəriciləri öz əksini tapır, keyfiyyət sertifikatı verilir. Əgər əsas təsir edən kimyəvi maddənin miqdarı azalıbsa, buna sertifikat verən qurum cinayət məsuliyyəti daşıyır. İkinci təsir amili odur ki, özəl şirkət gedir əsasən Asiya ölkələrindən bir zavod tapır, deyir ki, onun tərkibinə daxil edəcəyin əsas maddələrin dozasını azalt, məbləğini məndən ucuz al, amma baha sənədləşdir. Bu, “sövdələşmə” əsasında baş verə bilər. Həmin partiya ölkəyə rahatlıqla daxil olur. Bu zaman həm dərmanı gətirən, həm analiz edən, həm də istehsal edən korrupsiyanın elementinə çevrilir. Adətən xarici ölkə zavodları belə sövdələşməyə getmir. Elə bir hal mümkündürsə, deməli, işbazlarımız o zavodlara da yol tapa bilirlər”.