TAİB Gənclər Günündə Güney Azərbaycanımızla bağlı daha bir izdihamlı tədbirə imza atdı

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in mərkəzi ofisində 2 Fevral Gənclər Günü ilə bağlı “Güney Azərbaycan Milli Oyanış Hərəkatında gənclərin rolu və ziyalıların mövqeyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə TAİB rəsmiləri, birliyin Qadınlar Şurası və Gənclər Təşkilatının üzvləri, Güney Azərbaycan Milli Oyanış Hərəkatının tanınmış simalarından olan, GünAz Tv-nin rəhbəri Əhməd Obalı, millət vəkili Elman Nəsirov, ictimai xadimlər, ziyalılar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
TAİB sədri, akademik Südeif İmamverdiyev çıxışında əsası ümümmilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan gənclərinə verilən böyük dəyər olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri dövlət strukturlarında, özəl sektorlarda uğurla təmsil olunur və mötəbər beynəlxalq tədbirlərdə fəallıq göstərirlər:
“Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olaraq, xalqı arxasınca aparıb. Bu gün isə xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşib.
Əziz gənclər, bu gün sizin gününüzdü. Bizim bir zamanlar keçdiyimiz gənclik yolunu indi siz keçirsiniz. Hamımız bilirik ki, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi və gələcəyinin etibarlı təminatı məhz siz gənclərdən asılıdır. Vətən uğrunda canını fəda etmiş minlərlə gəncimizi də unutmuruq. Hamısıah şəhidlərimizə rəhmət eləsin. Onların da bayramıdır. Şəhadətə yüksəlmiş bütün gənclərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır!”.
GünAz TV-nin rəhbəri Əhməd Obalı Güney Azərbaycandakı hazırkı vəziyyətlə bağlı ətraflı məlumat verərək gənclərimizin regionda baş verən siyasi proseslərə biganə qalmadıqlarını, bunun da gələcəkdə uğurlu nəticələrə gətirib çıxaracağını bildirib. Əhməd Obalı vurğulayıb ki, prezident İlham Əliyevin yüksək tribunalardan Azərbaycanın güneyində yaşayan soydaşlarımızın problemlərini qaldırması və bunun həlli yollarını göstərməsi hər bir azərbaycanlıda qürur hissi yaradıb.
TAİB-in İdarə Heyətinin üzvü, millət vəkili Elman Nəsirov öz çıxışında bildirib ki, bu gün Azərbaycan Gəncliyinin günüdür.
“Bizim gənclərimiz hər sahədə fəaldırlar. Həm döyüş cəbhəsində, həm informasiya cəbhəsində mübarizdirlər. Xüsusi vurğulayım ki, bugünkü Gənclər Günü ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, təsadüfi bir addım deyildi. Ulu Öndər gəncliyə Azərbaycanın gələcəyi kimi baxırdı. O, çox gözəl bilirdi ki, gələcək yalnız və yalnız bilikli, savadlı, vətənpərvər Azərbaycan gəncliyinin əlindədir. Ulu Öndərin gənclər üçün cızdığı yol xəritəsi, gənclər proqramı bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam edir. Gənclər dövlət tərəfindən onlara yaradılmış şəraitdən səmərəli istifadə edirlər. Gənclərin xaricdə təhsil almaları üçün dövlət proqramı təsdiqlənib. Hər bir uğurlu gənc ölkənin gələcəyinin təminatıdır”.
Millət vəkili növbəti çıxışında İran məsələsinə də toxunub, gəncləri diqqətli olmağa çağırıb. Son günlər aparılan əməliyyatda tutulan İran agentlərinin say çoxluğuna diqqət çəkən TAİB üzvü bildirib ki, bu şəbəkə ən çox gənclərə təsir etməyə çalışır. Təkcə gəncləri deyil, hər kəsi diqqətli olmağa çağıran E. Nəsirov Güney Azərbaycan Milli Oyanış Hərəkatında gənclərin rolundan və ziyalıların mövqeyindən də söz açıb.
Türkiyəli professor Abdullah Karaman, TAİB-in İdarə Heyətinin və gənclər təşkilatının üzvləri müstəqil Azərbaycanımızda həyata keçirilən uğurlu gənclər siyasətindən, faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən talan edilməsinə qarşı Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində etiraz aksiyası keçirən gənc eko-fəalların əzmkarlığından və eyni zamanda Güney Azərbaycanda formalaşmış tələbə-gənclər hərəkatından danışıblar.
Tədbirin sonunda ictimai fəallığına görə 2 Fevral Gənclər Günü münasibətilə bir qrup fəal gənc təltif edilib.
TAİB-in mətbuat xidməti