Filmə çəkildiyini gizlətdi, məktəbli qıza aşiq oldu – Novruz Axundov haqqında maraqlı faktlar – FOTO

Kulis.az “Əhməd haradadır?” filminin uzun Oqtayı kimi tanınan aktyor Novruz Axundov haqqında maraqlı faktları təqdim edir.

Novruz Ağa oğlu Axundov 1938-ci il may ayının 9-da Naxçıvanda doğulub. Anası Qərbi Azərbaycanın Dərələyəz mahalından, atası Şərurdan olub. Novruz uşaq olanda, ailə Bakıya, Pirşağı kəndinə köçüb. O vaxt Pirşağıda məktəb olmadığı üçün o, orta məktəbi Kürdəxanıda oxumalı olub.

Orta məktəbdə oxuya-oxuya Novruz qardaşları ilə birgə kəndlərində olan dərnəklərə gedib. Orada hazırlanan tamaşalarda aktyor kimi çıxış etməyə başlayıb. Sonralar iş elə gətirib ki, pul qazanmaq üçün ticarətlə məşğul olub, lakin içindəki incəsənət sevgisi onu sakit buraxmayıb.

1962-ci ildə Mədəniyyət və İncəsənət İnstitutuna hazırlaşıb. Qardaşı onun bu həvəsini biləndə, etiraz edib. Lakin Novruzun atası bu barədə ona dəstək olub. Beləliklə, institutun “Dram və kino aktyorluğu” fakültəsinə, Xalq artisti Adil İsgəndərovun kursuna qəbul olunub.

Həmin illəri xatırlayan aktyor müsahibələrinin birində deyib:

“O vaxtlar elə idi ki, instituta daxil olmaq üçün sənətkarların qarşısında imtahan verməli idin. Mən, demək olar ki, imtahanların hamısından uğurla keçdim. Bir dənə alman dili imtahanından narahat idim, sağ olsun rejissor Rza Təhmasib. O dedi ki, “əgər sənə imtahandan yaxşı qiymət vermişəmsə, deməli, burda oxuyacaqsan”. Sonra elə Rza Təhmasibin də rejissorluğu ilə çəkilmiş “Əhməd Haradadır?” filmi ilə kino aləminə ayaq açdım”.

Uzun müddət Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib. Aktyorun ilk ekran işi “Əhməd haradadır” filmində uzundraz Oqtay obrazdır.

Novruz Axundov “Mozalan” Satirik Kino jurnalında silsilə rollarda da çəkilib. “Mozalan” süjetlərinin xarici dillərə tərcüməsində rejissor kimi çalışıb. Əsas iş yeri olan “Dublyaj” şöbəsində əla dərəcəli rejissor kimi 500-ə qədər xarici filmin Azərbaycan dilinə dublyajına rejissorluq edib. Novruz müəllim 1998-ci ildən təqaüdə çıxıb.

Novruz Axundovun uzundraz Oqtay roluna təsdiq olunması Moskvadan filmin operatoru kimi dəvət olunmuş Yuri Fogermanın israrı ilə baş verib. Belə ki, Axundovun fotolarını görən Fogerman bu rola məhz Novruz Axundovun uyğun gəldiyini deyib. Adil İsgəndərov uzundraz Oqtayı oynamaq üçün digərlərinin də sınaqdan keçməsini təklif edib. Fogerman razılaşmayıb. Beləcə N.Axundov ilk dəfə olaraq filmdə rol alıb.

Filmdə Oqtayın taxdığı eynək adi şüşədən olub. O, “Əhməd haradadır?” filminə çəkiləndə, həm də müəllim işləyib.

Aktyor müsahibələrinin birində həmin illəri belə xatırlayıb:

“Müəllim kimi çalışdığıma görə istəmirdim filmdən sonra məni küçədə tanısınlar. Heç uşaqlara da bəlli etmirdim ki, kinostudiyada işləyirəm. Çoxu məni rəssam bilirdi. Ciddiliyimi hər zaman qoruyurdum. 22 yaşında idim filmə çəkiləndə. İşlədiyimə görə, tələbə təqaüdümü kəsmişdilər. Bir gün rektor Rahim Hüseynovun yanına getdim. Bildirdim ki, işlədiyimə və filmlərdə çəkildiyimə görə, mənim təqaüdümü kəsiblər. Çağırıb tapşırdı ki, təqaüdümü versinlər.

Bildirdilər ki, işləyir, yaxşı geyinir, nə ehtiyacı var təqaüdə? Amma Rahim Hüseynovun təkidi ilə təqaüd bərpa edildi. Özümə fikir verən idim.

Bəziləri məndən şikayət yazmışdı Adil İsgəndərova… O da adamları çağırdı yanına və dedi: “Bu oğlanı instituta mən qəbul etmişəm. Demək, ona layiqdir. Bəs nə şikayətlərdir bura yazmısınız?”.

Şikayət bundan ibarət idi ki, Novruz Axundov işləməkdən başqa, hər şey edir, geyiminə baxır, kitab oxuyur”. Adil İsgəndərov bərk hirsləndi. Dedi ki, “Novruza mən tapşırmışam ki, yaxşı geyinsin. Aktyor yaxşı geyinər, küçələrdə “piyan” gəzməz, aktyor təmiz olar!”

Bəzən imtina etdiyim obraz da olub. Tofiq Tağızadə “Arşın mal alan” filminin ikinci variantını çəkəndə məni filmdə Süleyman obrazını ifa etmək üçün dəvət elədi. Lakin gedib dedim ki, bu rolu canlandıra bilmərəm, mənlik deyil”.

Novruz Axundov deyib ki, iki filmdə Oqtay obrazını canlandırıb:

““Əhməd haradadır?” filmindəki uzundraz Oqtay obrazından sonra “İstintaq davam edir” filmində də leytenant Oqtay obrazını canlandırdım. Bu obrazlar xarakter etibarilə bir-birindən tamamilə fərqlənirdi. Operator, ssenarist Əlisəttar Atakişiyevin Adil İsgəndərovla arası olmadığı üçün “İstintaq davam edir” filmində mən olan səhnələrin çoxu çəkilmədi. Çünki Əlisəttar müəllim bilmişdi ki, mən Adil İsgəndərovun tələbəsiyəm. “İstintaq davam edir” filmi ilə bərabər mən “Yenilməz batalyon” filmində də çəkilmişdim. O filmdə epizodlardan birində fəhlə obrazını canlandırmışam”.

Aktyor tələbəlik illərində orta məktəbdə oxuyan Nofeliya adlı xanımla tanış olub. Xanıma aşiq olan Novruz evi olmadığı üçün dörd il sevdiyi xanımla nişanlı qalıb. Bir gün Adil İsgəndərov ondan evlənə bilməməyinin səbəbini soruşub. Ev problemi olduğunu öyrənəndə ona ev növbəsinə dayanmağı təklif edib. Nəhayət, Novruz bəyin 32 yaşı olanda sevdiyi xanımla ailə qurub. Cütlüyün iki oğlu, bir qızı dünyaya gəlib.

Aktyor ailəsi haqqında danışanda, deyib:

“Övladlarımın hər biri ali təhsillidir, yaxşı vəzifələrdə işləyirlər. Onların aktyor olmağını istəyərdim, lakin heç birinin bu sahəyə həvəsi yox idi, mən də övladlarıma azad seçim verdim. Həyat yoldaşımı çox sevmişəm, indi də sevgim davam edir, məndə ömrüm boyu xəyanət deyilən bir şey olmayıb. Nofeliya ilə qısqanclıq üstündə böyük davalarımız olmayıb. Bir maraqlı hadisəni də danışım.

Yadımdadır, kinostudiyada administrator işləyirdim. Adil müəllim məni otağına çağırıb dedi ki, bəs sənin haqqında söz-söhbət gəzir ki, 3-4 yerdə arvad saxlayırsan. And-aman elədim ki, 4 ildir nişanlıyam, evim olmadığına görə ailə qura bilmirəm, haradadır məndə o imkan ki, 3-4 yerdə arvad saxlayım? Dedi, bəs burda 3-4 evin nömrəsini qoymusan ki, səni axtaranda ora zəng edək. Cavab verdim ki, hər dəfə bir qohumun evində qalıram, ona görə kimsə axtarar deyə, dəftərdə 3-4 nömrə qeyd etmişəm”.