Gənclər üçün milli-mənəvi dəyərlər və monolit ailə institutuna dair təlimlərə Salyandan start verildi

“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda gənclər üçün “Milli-mənəvi dəyərlər və monolit ailə institutu” mövzusunda maarifləndirici təlim kursuna Salyan rayonundan start verdi.

Rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, qeydiyyat, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri ilə iş, GİKM nümayəndəliyi və digər aidiyyətli struktur təmsilçilərinin iştirakı ilk təlim Salyan rayonunda 30 nəfər yerli gənc üçün təşkil olundu. İştirakçılar öncə təlim vasitələri (loqolu qovluq, bloknot və qələm) və mövzuya dair və İB tərəfindən hazırlanan kitabça ilə təmin olundular.

Təlim kursunun açılışında Salyan rayon icra hakimiyyətinin baş məsləhətçisi Əzizağa Yaqubov, rayon gənclər və idman idarəsinin rəisi Araz Hüseynov çıxış edərək, bu maarifləndirici layihənin və təlim kursunun bölgə gəncləri üçün fayda və əhəmiyyətini müsbət qiymətləndirdilər.

ADTGT sədri Asif Əsgərli və layihə rəhbəri, ADTGT icraçı direktoru Gülnarə Bağırova layihəyə dəstək verən AGF-na və Salyan rayon icra hakimiyyətinə təşəkkürünü bildirərək, 3 ay ərzində Salyan, Biləsuvar, Neftçala rayonu və Şirvan şəhəridə icra olunan layihənin erkən və qohum nikahların gənclərə, onların milli-mənəvi, tibbi-psixoloji, sosial-hüquqi durum və vəziyyətinə, monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, ona qarşı mübarizədən və bu sahədə vacib alət və mexanizmlər olaraq milli-mənəvəi dəyərlərin və ailə ənənələrinin aşılanmasından danışdı.

Təlim ekspert Asif Əsgərlinin təqdimatı ilə proqrama uyğun aparıldı və interaktiv, iştirakçıların da fəal iştirakı ilə davam etdirildi. Mövzulara aid verilən zəngin informasiya ilə yanaşı region gənclərinə müxtəlif qrup tapşırıqları, çıxış, fikir və təqdimatlarını da göstərmək imkanları yaradıldı. 2 gün davam edən təlimin sonunda qiymətləndirmə aparıldı və iştirakçılar sertifikatlarla təltif olundular.

Layihədə Gənclərin İnkişaf və Karyera Mərkəzi və onun yerli nümayəndəlikləri tərəfdaş olaraq iştirak edirlər.

Dünyaxeber.org