Sinifdə dərs zamanı nadinc şagirdlərə əl qaldıran müəllimin görüntüləri 2 gündür sosial şəbəkələrdə gündəm olub. Videonu izləyənlərin yarısı müəllimi, yarısı isə şagirdləri günahlandırır. Bəs əslində məsələ necədir?
“Xəzər Xəbər” videonun çəkildiyi 59 saylı tam orta məktəbə yollanıb. Həm valideynləri, həm şagirdləri, həm də müəllimi dinləndik.
Görüntülər paytaxtdakı 59 saylı tam orta məktəbin 6C sinfində qeydə alınıb.
Müəllim dərs zamanı nizam-intizama tabe olmayan uşaqlara əl qaldırıb, şagirdlərdən biri isə bu anı telefonla qeydə alıb.
“Xəzər Xəbər” 2 gündür gündəm olan müəllimi taparaq onunla həmsöhbət olub. Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan Solmaz müəllimə bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını və bu səbəbdən məlum vəziyyətin yarandığını bildirdi.
Solmaz müəllimənin 62 yaşı var və 38 ildir dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. O, saçlarını müəllimlik edərək ağardıb. Yaşından çox şagird, ən əsası insan yetişdirib. Bu gün onun yetişdirdiyi şagirdlər eyni məktəbdə onunla çiyin-çiyinə çalışır. 40 ilə yaxındır müəllimlik edən Solmaz xanım deyir ki, keçmiş dönəmin şagirdləri ilə indiki şagirdlər eyni deyil və onları tərbiyə etmək olduqca çətindir.
6C sinif şagirdlərinin valideynləri də baş verənlərlə bağlı təəssüf hissi keçirdiklərini dilə gətirdilər.
Videonu çəkən şagirdlə də danışdıq. O, müəlliməni çox istədiyini və dərsdə nadinclik etdikləri üçün peşman olduğunu dilə gətirdi.
Təhsil eksperti Elşən Qafarov isə bu tip hadisələrin tez-tez baş verməsinin və həll oluna bilinməməsinin səbəbini izah etdi.
Xatırladaq ki, bir müddət əvvəl Bakıdakı orta məktəblərin birində yuxarı sinif şagirdlərinin dərs zamanı partanın üstünə ayağını qoyması, partaları aşırması digər qeyri-etik görüntüləri yayılmışdı. Bu zaman isə dərs deyən müəllim baş verənlərə reaksiya verməmişdi. Buna görə də ona töhmət verilmişdi. Maraqlıdır, müəllim sinifdə baş verənlərə reaksiya verəndə də cəzalandırılır, verməyəndə də. Buna görə də təkcə müəllimin cəzalandırılması çıxış yolu deyil. Təhsil sistemindəki normativləri müəyyən edən qurumlar müəllim-şagird münasibətlərinə müsbət yenilənmənin gəlməsi üçün işlər görməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: