Dünyaxeber.org Kulis.az-a istinadən böyük aktyor, əməkdar artist Səməndər Rzayev haqqında maraqlı faktları təqdim edir.
Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olub. Müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin “Hamlet” tamaşasında Horatsio olub.
***
Səməndər çoxuşaqlı ailənin sonbeşiyi olub. Uşaqlıq illəri müharibədən sonrakı dövrlərə tuş gəldiyi üçün çox çətinliklə böyüyüb. Anası adının qısaldılmış formada Səməni – deyə çağırarmış.
Bir gün dostları ilə oynadığı zaman körpüdən sürüşüb üzüaşağı yuvarlanan Səməndər dizindən ağır zədə alır. Diz qapağı sınan uşaq düz dörd il xəstəxana, sonra isə ev şəraitində müalicə olunur.
***
Həmin dörd il onun üçün gələcək həyatının bünövrəsini qoyub. Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacı olmayan Səməndər radiodan dinlədiyi “Arxip baba və Lyonka” radio-tamaşasındakı Arxip baba rolunda Ələsgər Ələkbərovun səsini eşidib aktyor olmağa qərar verir.
Xəstə yatan zaman həkimlər Səməndərə deyirlər ki, ona kökəlmək lazımdır. Əgər kökəlməsə, ayaq sümüyü çürüyə bilər. Ondan sonra aktyor kökəlməyə başlayır. Amma köklük də ona ağırlıq gətirdiyindən həmişə zədəli ayağı ağrılı olur.
***
Gürcüstanın o vaxtkı dövlət başçısı Şevardnadze Səməndər Rzayevi çox sevərmiş, aktyor bir dəfə Tiflisdə qastrolda olarkən Şevardnadze əlini onun kürəyinə vuraraq “sən böyük aktyorsan” demişdi.
Qızı Rübabə Səməndərin dediyinə görə atasının çox gözəl şarjları, həcvləri vardı. Aktyor harda olsa, dəftərin, kağızın bir küncünə nəsə çəkirmiş. Rəhmətlik Mikayıl Mirzə Səməndər Rzayevin bu rəsmlərini ondan alır ki, haqqında yazacağı kitaba daxil etsin. Lakin, iş elə gətirir ki, Mikayıl Mirzənin evində yanğın baş verir, şarjlar da həmin yanğın zamanı tələf olur.
***
Səməndər Rzayev ömrünün son dövrlərində ruhdan düşür. Nə səhnədə, nə də kinoda potensialına uyğun rollarla özünü ifadə edə bilmirdi. Səməndər dolubədənli olduğu üçün çox vaxt ona yaşından böyük və bir-birinə oxşar obrazlar verirdilər. Vaqif Mustafayev aktyoru “Yaramaz” filmindəki Hətəm roluna çəkməyi planlaşdırsa da aktyorun qəfil ölümü bu planının həyata keçməsinə mane olur.
Xalq artisti Səfurə İbrahimova öz müsahibələrinin birində Səməndər haqqında belə deyir: “Səməndər əla aktyor, əvəzolunmaz insan və fitri istedad sahibi idi. Çox yumşaq, həlim oğlanıydı. Rasim Balayevə xalq artisti adı verdilər, ona yox. Səməndər fikirdən o günə düşdü. Bir gün işdən çıxıb evə gedəndə gördüm fikirli-fikirli teatrın həyətində başını tutub gəzir. Yaxınlaşıb çağırdım. O qədər fikirli idi ki, məni eşitmədi. Bir xeyli onu danladım, dedim, sən böyük aktyorsan, insanlar səni sevir, dərdin olanda da üzə vurma, içində çək. Mənə dedi ki, axı bu elə işdir ki, mənə toxunur. Rasim gözəl aktyordur, amma onu teatra mən gətirmişəm, lazım gələndə onunla mən məşq eləmişəm. Bəs niyə ona məndən qabaq ad verilir, amma mənə yox. Ona təskinlik verdim, özümü misal çəkdim. Çünki mənim adımı da on il əvvəldən xalq artistliyinə versələr də, hər il siyahıdan silirdilər.”
***
Yeriyəndə yer silkələnən, danışanda gözləri ilə lərzəyə salan Səməndərin səhhətində bir müddət sonra problemlər yaranmağa başlayır. Aktyor o qədər arıqlayır ki, onu görənlər təəccüblənir. Deyilənə görə içkidən çox istifadə etməsi onu qara ciyər xəstəsinə çevirir. Həkimlər də ona serroz diaqnozu qoyub.
***
Xəstə olsa da teatrdakı rollarından qalmayan aktyor günlərin birində “Sizi deyib gəlmişəm” tamaşasında Xudayar bəyi oynayır. Tamaşa vaxtı aktyorun halı gözlənilmədən pisləşir. Tərəf müqabili Səidə Quliyeva danışır ki, tamaşanın bir hissəsində səhnədə mən Səməndəri sillə ilə vururdum: “Həmin yer gələndə Səməndər yavaşca pıçıldadı ki, Səidə, ölürəm, yola ver, vursan, yıxılacam, halım pisdir. Tamaşadan sonra səhnə arxasından onu xəstəxanaya götürdülər, siması ağappaq, özü də büzüşmüşdü”.
Qızı həmin günü belə xatırlayır: “Həmin günü mən yaxşı xatırlayıram. O, teatrdan evə gəldi, mən yatılı olsam da, onun səsini eşidib ayılmışdım. O, anama dedi ki, bu gün işdə “çepe” baş verib. Sən demə, tamaşa vaxtı onun ayaqları şişibmiş, ciyərində də güclü problem olub. Səhnədəki rola uyğun olaraq da səhnənin döşəməsində bir müddət uzanmalı olub. Vəziyyəti daha da pisləşib. Amma rolunu axıra qədər ifa etmişdi. Biz həmin günə qədər onun serroz olduğunu bilməmişdik. Ondan sonra öyrəndik.”
***
Yanvarın 2-də ad gününü qeyd edən aktyor sonrakı gün xəstəxanaya aparılır. Bir müddət sonra xəstəxanada komaya düşür. Bir ay komada qaldıqdan sonra martın 27-də dünyasını dəyişir.
Xəstəliyinin son günlərində rejissor Ramiz Həsənoğlu xəstəxanaya Səməndərin yanına gedir. Onlar xeyli söhbət edirlər. Söhbətin sonunda Səməndər rus dilində belə deyir “Mne tak xoçetsa jit”… (Yaşamaq istəyirəm)
***
Qızı Rübabə müsahibələrinin birində atasının son günlərini və vəfatını belə xatırlayır: Atam xəstəxanada dünyasını dəyişdi. Qohumlarımız bizdə qalırdılar. Artıq hamı bilirdi ki, vəziyyəti pisdir. Yadıma gəlir ki, babam gəldi. Bizə dedi ki, sizi atanızın yanına aparacam. Bizi aldatmışdı. Binamızın qarşısında rəhmətlik Mikayıl Mirzəni gördük. O, babama başsağlığı verəndə biz bildik ki, atamız rəhmətə gedib. Təbii ki, şok yaşadıq. Sözün məcazi mənasında həmin an mənə elə gəldi ki, atamı sanki Mikayıl Mirzə öldürüb. Sonra evə qalxanda artıq atamın cənazəsini gördüm. Xahiş etdim ki, üzünü açsınlar, baxım. Amma icazə vermədilər. İndi düşünürəm ki, yaxşı ki, qoymayıblar. Çünki atam mənim yaddaşımda həmişə cavan, sağlam və xoşbəxt adam kimi qaldı.”
Onun haqqında dövrünün ən böyük aktyorları belə deyirdilər.
Məlik Dadaşov: “Səməndər kimi aktyorları tarix nadir hallarda yetirir. Bu, əsrdə bir dəfə mümkündür”.
Nəsir Sadıqzadə: “Mən son onilliklərdə Səməndər dühasına bərabər bir sənətkar tanımıram”.
Amaliya Pənahova: “Səməndər lap kiçik, sözsüz səhnələrdə belə salonun bütün diqqətini özünə cəmləşdirərdi. Və baş rolun ifaçıları qalardı kölgədə. Belə bir fitri istedad idi Səməndər.”
Məqaləyə dair fotomateriallar: